Vəhşi heyvanların parkı: telefonlar söndürülür, pıçıltı ilə danışılır VİDEO


Digərləri 05 İyl 2018 20:24:00 311 0

Vəhşi heyvanların parkı: telefonlar söndürülür, pıçıltı ilə danışılır  VİDEO

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin maarifləndirmə layihələri çərçivəsində Şamaxı rayonunda yerləşən "Safari Park"na tur təşkil edilib. Ekoloji turda nazirliyin, qeyri-hökumət təşkilatlarının, turizm təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.

Son.az report-un "Safari Park"dan hazırladığı reportajı təqdim edir.

Ucsuz-bucaqsız təbiət, heyvanat aləmi və sən

"Safari" sözünün mənası "səyahət", "gəzinti" deməkdir. Bu adı daşıyan parklar da elə bu mənanı doğruldur. Ucsuz-bucaqsız təbiət, vəhşi heyvanat aləmi və sən...

İlk "Safari Park" Afrikada yaradılıb. "Azər Ekov" MMC isə Şamaxı rayonu ərazisindəki Pirqulu adlanan dağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazini beynəlxalq standartlara uyğun formada çəpərləyib və Azərbaycanın "Safari Park"nı yaradıb. Parkın yaradılmasında məqsəd Azərbaycanda elmi əsaslarla vəhşi populyasiyada olan heyvan növlərinin yerli təbiətə adaptasiyası, onların gələcəkdə qoruqlara ötürülməsi, "Safari" turizm növünü Azərbaycanda inkişaf etdirmək, ölkəyə çoxlu turist cəlb etmək, Azərbaycanda turizmin inkişafına böyük töhfə verməkdir.

Parkın yerli əhali və turistlərin istifadəsinə verilməsi nəzərdə tutulsa da, hələlik buna hazır deyil, bu istiqamətdə işlər görülür. Növbəti aylarda parkın turistlərin üzünə açılması gözlənilir.

Vəhşi təbiətin yolu

Parkın ərazisində inzibati bina və qonaq evi var.

Ekoloji parkın daxilində 36 kilometr uzunluğunda enli yol çəkilib. Ərazidə həmçinin heyvanlar üçün xeyli sayda təbii daldalanacaqlar, kiçik göllər düzəldilib. Maral, lan və muflonları kənar təsirlərdən və yoluxucu xəstəliklərdən qorumaq üçün beynəlxalq standartlara uyğun dəmir-beton dayaqlara hörülmüş 52 kilometr uzunluğunda çəpər çəkilib.

Heyvanların sayı artır

Buraya 2014-cü ilin dekabrından Avropanın müxtəlif ölkələrindən, Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarından üç növdən ibarət 420 baş nəcib maral, lan və muflon adlı genetik qiymətli heyvanın gətirilərək xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfədən çox artıb. Parkın direktoru Tofiq Həsənov bildirib ki, hazırda parkda 1000-ə yaxın heyvan var. Onlar burada yarı azad şəkildə yaşayırlar.

T.Həsənov qeyd edib ki, mərhələli şəkildə müxtəlif heyvanların "Safari Park"a gətirilməsi nəzərdə tutulub.

Nəcib maral

Nəcib marallar sayı azalmaqda olan növdür. Məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin maralkimilər fəsiləsinin bu növünün buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8-9 ədəd olur.

Onlar sentyabr ayından başlayaraq noyabr ayının sonuna kimi cütləşmə dövrü olduğu üçün heyvanların eyni bölmədə yaşamasına icazə verilir, ilin digər vaxtları erkəklər ayrı, dişilər ayrı bölmələrdə olur. Bu növün yalnız erkək fərdlərində buynuz olur. Hər il buynuzlar düşərək yeni buynuzlar inkişaf edir. Heyvanların qida rasionunun, təxminən, 85-90 faizini müxtəlif növ bitkilər təşkil edir ki, onun da 70-72 faizi ot bitkiləridir.

Lan

Avropada və Yaxın Şərqdə geniş yayılan bu maral növü yetkin yaşında geniş buynuza və xallı dəriyə sahib olurlar. Görünüşcə lan xallı maraldan böyük, nəcib maraldan isə kiçikdir.