Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid mexanizmlərinin hazırlanmasını planlaşdırır


Digərləri 05 İyl 2018 16:26:00 261 0

Vergilər Nazirliyi qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid mexanizmlərinin hazırlanmasını planlaşdırır

Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır.

Bakı. Vergilər Nazirliyi 2018-ci ildə vergi ödəyiciləri və sahibkarlarla birlikdə rəsmi məşğulluğun təmin edilməsi sahəsində faydalı müzakirələr apararaq qeyri-leqal fəaliyyətdən leqal fəaliyyətə keçid üçün yeni səmərəli mexanizmlərin hazırlanması və tətbiqini planlaşdırır. Nazirlikdən Trend-ə verilən məlumata görə, Vergilər Nazirliyi qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması və bu sahədə işlərin koordinasiyalı təşkili məqsədilə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdədir. «ASAN xidmət»lə birgə əməkdaşlığa əsasən, həmin qurumun nəzdində fəaliyyət göstərən Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi əmək müqaviləsi olmadan vətəndaşları iş və xidmətlərin yerinə yetirilməsinə cəlb edən şəxslər barədə məlumatları Vergilər Nazirliyinə təqdim edir. Tikinti sahəsində işçilərin uçotunun aparılması məqsədilə tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə tikinti meydançalarında çalışan insanların əmək müqaviləsi, statistikası və digər zəruri məlumatlar müəyyən ediləcək, həmin informasiyalar «ASAN xidmət»in Monitorinq Mərkəzinə inteqrasiya olunub. Əmək müqaviləsi olmadan işçilərin işəgötürənlər tərəfindən qanunsuz olaraq işlədilməsinə görə qanunvericilikdə hansı cəza tədbiləri nəzərdə tutulur? Vergi və hüquq üzrə mütəxəssis Vilayət Abbasovun bildirdiyinə görə, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda cərimə edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə, işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.