Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT


Digərləri 04 İyl 2018 18:18:00 320 0

Hamilə gəlinin hamamda başına gətirilən DƏHŞƏT

"Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsində işləmiş Elmir Axundov və Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsində işləmiş Famil Şükürovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az xəbər verir ki, Elmir Axundov və Famil Şükürovun vəzifəli şəxs olmaqla işlərinə laqeyd münasibəti nəticəsində öz xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməyiblər. Bu səbəbdən onların hərəkəti ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.

Belə ki, onlar Lənkəran rayonunun Şağlakücə kəndində yerləşən İsabala Tağıyevə məxsus fərdi yaşayış evinə təbii qazın verilməsinə nəzarət etməyiblər, qaz borularının bacalarını təmizləməyiblər.

Nəticədə 21 dekabr 2015-ci il tarixdə saat 13 radələrində həmin evdə yaşayan Təliyə Təqiyeva hamamda çimərkən dəm qazından boğularaq ölüb.

Bu hadisədən sonra Elmir Axundov öz səhlənkar hərəkətlərini gizlətmək üçün özü və tabeçiliyində olan çilingər Famil Şükürovla cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədilə rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil ediblər. Onlar hadisədən əvvəl həmin evə baxış keçirmələrini qeyd etməklə vəzifə saxtakarlığına yol veriblər.

"Ev sahibinin gəlini..."

İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib.

Təqsirləndirilən şəxs qismində ifadə verən Elmir Axundov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 2015-ci ilin yanvarında Lənkəran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsinə təyin edilib: "Həmin il dekabrın 21-də, günorta saatlarında mənə Şağlakücə kəndində bir qadının hamam otağında çimərkən dəm qazından zəhərlənərək öldüyü bildirildi. Bu səbəbdən hadisə yerinə getdim. Orada ölən şəxsin ev sahibi İsabala Tağıyevin gəlini Təliyənin olduğu məlum oldu".

"İşinə səhlənkər yanaşıb"

Elmir Axundovun sözlərinə görə, hadisənin baş verdiyi evə təbii qazın nəql olunduğu daxili və xarici qaz xətlərinə, həmin evdə, o cümlədən hamamda yerləşən qaz cihazlarının texniki vəziyyətinə mütəmadi olaraq nəzarət edilməsi və texniki baxış keçirilməsi çilingər Famil Şükürova həvalə edilib: "Lakin Famil Şükürov xidmət etdiyi ərazidə yaşayan abonentlərinin evlərindəki qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini və bu barədə müvafiq jurnalda qeydiyyat aparılmasını təmin etməli olub. O, hadisənin baş verdiyi evə təbii qazın nəql olunduğu daxili və xarici qaz xətlərinə, həmin evdə və hamam otağında yerləşən qaz cihazlarının texniki vəziyyətinə 2015-ci ilin sentyabr və oktyabr aylarında texniki baxış keçirməli olduğu halda, öz xidməti vəzifələrinə səhlənkar yanaşaraq bunu etməyib".

"Rəhbərlik tərəfindən töhmət verilib"

Elmir Axundov qeyd edib ki, sözügedən hadisədən sonra Famil Şükürovdan hadisənin baş verdiyi evə texniki baxış keçirib-keçirmədiyini soruşub: "Famil həmin evə heç vaxt texniki baxış keçirmədiyini bildirdi. Famil Şükürovun səhlənkarlığı barədə dəfələrlə rəhbərliyə yazılı məlumatlar vermişəm. Yazmış olduğum məlumatlar əsasında 2015-ci il ərzində Famil Şükürova rəhbərlik tərəfindən bir dəfə "töhmət", bir dəfə isə "yazılı xəbərdarlıq" elan edilib".

"Saxta aktı yazmaqdan imtina etdim"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Şağlakücə kəndində baş vermiş hadisədən sonra Lənkəran Regional Qaz İstismarı İdarəsindən Əsədulla Abdullayev ona zəng edib və həmin ünvanda texniki baxış keçirilməsi barədə soruşub: "Mən də ona belə bir aktın olmadığını bildirdim. Bundan sonra Əsədulla Abdullayev idarəyə gələrək belə bir aktın yazılmasını istədi. Saxta aktı yazmaqdan boyun qaçırdım. Bu zaman Familin köçürmək üçün akt nümunəsi yazaraq, ona verməyimi təklif etdi. Mən də onun təklifi ilə razılaşdım. Bundan sonra aktın orta hissəsini qaralama şəklində yazaraq Əsədulla Abdullayevə verdim. Sonradan mənə məlum oldu ki, qaralama şəklində yazdığım aktın qalan hissəsini kimsə doldurub və Familə imza etdirərək aparıb".

Elmir Axundov qeyd edib ki, həmin sənədin əsli olmaya-olmaya, sübut kimi işə əlavə olunmuş aktın surətinə əsasən ibtidai istintaq tərəfindən ona ittiham irəli sürülüb: "Hesab edirəm ki, qaralama şəklində yazdığım akt kimsə tərəfindən sonradan fotomontaj vasitəsilə Familin imza etdiyi boş akt blank ilə birləşdirilib və nəticədə saxta akt düzəldilib. Bunu nəticəsində də haqqımda əsassız olaraq ittiham irəli sürülüb".

"Hamilə qadının öldüyünü bildirdi"

Digər təqsirləndirilən Famil Şükürov bildirib ki, 2014-cü ildən idarədə cilingər vəzifəsində işləməyə başlayıb, 2016-cı ildə isə öz ərizəsi ilə işdən çıxıb.