Kəmaləddin Heydərov qəza ilə bağlı Mingəçevirdə olub (FOTO)


Digərləri 04 İyl 2018 17:31:00 286 0

Kəmaləddin Heydərov qəza ilə bağlı Mingəçevirdə olub (FOTO)

Kəmaləddin Heydərov “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza ilə bağlı Mingəçevir şəhərində olub.

Bakı. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza ilə bağlı Mingəçevir şəhərində olub. Nazirlikdən Trend-ə verilən məlumata görə, baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyasının üzvü, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov iyulun 3-ü və 4-də Mingəçevir şəhərində səfərdə olub. K.Heydərov Fövqəladə Hallar Nazirliyinin və digər dövlət qurumlarının nümayəndələrinin və “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin rəhbər şəxslərinin iştirakı ilə sıradan çıxmış cərəyan transformatorunun hazırkı vəziyyəti ilə tanış olub, aparılan təmir-bərpa işlərini yaxından izləyib. Problemin qısa zamanda tam həll olunmasının vacibliyini diqqətə çatdıran nazir yaranmış vəziyyətin Azərbaycan Prezidenti İlham Əliyevin diqqətində olduğunu xüsusilə vurğulayıb. K.Heydərov təmir-bərpa işlərinin operativ şəkildə həyata keçirilməsi üçün aidiyyatı qurumların nümayəndələrinə müvafiq tapşırıqlar verib.