Avtobuslar gecə saatlarınadək fəaliyyət göstərəcək


Digərləri 03 İyl 2018 22:37:00 291 0

Avtobuslar gecə saatlarınadək fəaliyyət göstərəcək

Sərnişindaşıma sahəsində vəziyyətin normallaşdırılması, müntəzəm marşrut xətləri üzrə avtobusların fasiləsiz fəaliyyətinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Son.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, saat 22:00-yə olan məlumata görə, "20 Yanvar" metro stansiyasının çıxışları ətrafında sərnişinlərin marşrut xətləri üzrə maneəsiz daşınması təmin edilib.

Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən ətraf ərazilərə avtobusların rahat və maneəsiz hərəkəti təmin edilib: "Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən şəhər mərkəzinə gedən əhalinin də vaxtında və rahat daşınması üçün zəruri tədbirlər görülüb. Artıq hər hansı bir narahatlıq müşahidə olunmur".

Metronun "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar" və yaxın ərazilərdə də əhalinin daşınması hazırda çətinlik olmadan həyata keçirilir.

Metronun "Nəsimi", "Azadlıq Prospekti" və "Dərnəgül" stansiyalarının ətrafında da sərnişin axının tam şəkildə idarə olunur.