Vüqar Rəhimzadə: "Faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı"


Digərləri 03 İyl 2018 14:57:00 278 0

Vüqar Rəhimzadə: "Faktlar qarşısında aciz qalan ermənilərdən yalnız bu vəhşiliyi gözləmək olardı"

"Bu gün Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində həqiqətlərimiz dünya ictimaiyyətinə doğru və düzgün şəkildə təqdim edilir. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyi, problemin yalnız ərazi bütövlüyümüz çərçivəsində öz həllini tapmalı olduğu beynəlxalq tribunalardan səsləndirilir. Elə bunun nəticəsidir ki, dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır, Ermənistanın işğalçılıq siyasətini pisləyir, münaqişənin həlli istiqamətində torpaqlarımızın tezliklə azad olunmasını əsas prinsip kimi qəbul edir. Bu günlərdə Bolqarıstanın milli özəl telekanalı - "BTV Media Group"da "Qarabağ xatirələri" adlı proqramın yayımlanması həqiqətlərimiz təbliğində növbəti müsbət addımlar sırasındadır".

Son.az xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətindən, təmas xəttindəki vəziyyətdən, erməni vəhşiliyindən, Xocalı faciəsi ilə bağlı məqamlardan danışılan, ümumilikdə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin öz əksini tapdığı veriliş tamaşaçılara Azərbaycan muğamının və "Qarabağ şikəstəsi"nin  müşayiəti ilə təqdim olunub: "Bolqarıstanlı müəlliflər verilişi hazırlayarkən baş verən hadisələri şahidlərin dilindən səsləndiriblər. Belə ki, qarabağlı məcburi köçkünlər İlqar Qasımov və Pakizə Məmmədova Dağlıq Qarabağ münaqişəsi ilə bağlı acı xatirələrini, Ermənistanın işğalçılıq, soyqırımı siyasətindən danışıblar. Qeyd edilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyincə Cənubi Qafqazda sülh və sabitlik olmayacaq. Ermənistanın təcavüzkar siyasəti regionun inkişafına, beynəlxalq sülhə və təhlükəsizliyə əsas əngəldir."