Çaylarda suyun səviyyəsi azalıb


Digərləri 01 İyl 2018 07:43:00 251 0

Çaylarda suyun səviyyəsi azalıb

Son günlər isti havaların ardınca çaylarda sululuq səviyyəsi dəyişib.

Bakı. Son günlər isti havaların ardınca çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-70, Kiçik Qafqazın çaylarında 40-90, Lənkəran-Astara çaylarında 50-150, Naxçıvan MR çaylarında isə 10 faizini təşkil edir. Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 26 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 160 m3/s olmaqla ongünlük normanın 40 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 43 faizini təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 89 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 143 m3/s təşkil edərək ongünlük normanın 86 faizinə bərabər olub.