Serj Sarkisyanın qardaşına qarşı daha bir neçə maddə üzrə cinayət işi açıldı


Digərləri 30 İyn 2018 10:56:00 310 0

Serj Sarkisyanın qardaşına qarşı daha bir neçə maddə üzrə cinayət işi açıldı

Ermənistanın Dövlət Gəlirləri Komitəsinin müstəntiqləri ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlu Narek Sarkisyanın evində apardıqları axtarış zamanı bankların birində 6,8 milyon dollar məbləğində əmanətlər haqqında saziş aşkar ediblər.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Dövlət Gəlirləri Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, saziş 2017-ci ilin ikinci yarısında Ermənistanın o dövrdəki prezidenti Serj Sarkisyanın qardaşı Levon Sarkisyan və onun qızı Ani Sarkisyanla bağlanıb.

Məlumatda qeyd olunur ki, L.Sarkisyan 2017-ci il ərzində xüsusi tapşırıqlar üzrə səfir olub. Qanuna uyğun olaraq o, gəliri və maliyyə vəsaitləri barədə bəyannaməni təqdim etməli idi. Lakin o və qızı tərəfindən banka təqdim edilən bəyannamədə vəsaitlər göstərilməyib.

Bundan başqa, Sarkisyanın oğlu 2017-ci ildə əmlakı və gəlirləri barədə bəyannamə təqdim etməyib. Ötən il onun əmlakı qanuni gəlirlərin məbləğindən xeyli çox artıb.

Dövlət Gəlirləri Komitəsinin İstintaq İdarəsində qanunsuz varlanma və digər maddələr üzrə cinayət işi başlanıb.

Virtualaz.org xatırladır ki, bir neçə gün əvvəl Serj Sarkisyanın qardaşı iri məbləğdə yeyintidə də ittiham olunmuşdu. Ermənistanın Dövlət Gəlirləri üzrə Komitəsinin mətbuat xidməti onun təsisçisi olduğu "CLC Proekt kompani" şirkətinin fəaliyyəti nəticəsində dövlətə 300 milyon dram (600 min dollardan çox) zərər dəydiyi barədə məlumat yaymışdı.