Azərbaycanda əməkhaqqına əvvəlkindən daha az olan vergi yükü müəyyən ediləcək


Digərləri 29 İyn 2018 14:46:00 259 0

Azərbaycanda əməkhaqqına əvvəlkindən daha az olan vergi yükü müəyyən ediləcək

Sirr deyil ki, dövlət büdcəsi birbaşa vergilərin ödənilməsindən asılıdır. Sahibkarlar öz sosial məsuliyyətini anlamalı və bilməlidir ki, ölkəmizin inkişafı, onun iqtisadi qüdrəti, ordu, təhsil, səhiyyə, mədəniyyət və bir çox başqa sahələrin dayanıqlı olması onun ödədiyi vergilərdən asılıdır. Yayındırılan hər manat iqtisadiyyatımıza, ölkəmizin iqtisadi təməlinə vurulan zərbədir.

Son.az-ın Trend-ə istinadən məlumatına görə, təəssüf ki, bu gün də bir sıra vergi ödəyicilərinin fəaliyyətinin və dövriyyələrinin təhlili ortaya tamamilə başqa mənzərə çıxarır. İkili mühasibat, dövriyyələrin gizlədilməsi, gəlirlərin uçotdan yayındırılması hallarının həcmi kifayət qədər çoxdur. Bu gün leqal fəaliyyətlə yanaşı, uçotdan yayındırılan paralel iqtisadi dövriyyələr vardır ki, onun adı "kölgə iqtisadiyyatı"dır.

"Kölgə iqtisadiyyatı" cəmiyyətin inkişafının bütün mərhələlərində mövcud olub və dünyada müşahidə olunan problemdir. Hər bir dövlət onun səviyyəsinin və həcminin azaldılması ilə bağlı öz siyasətini yeritməyə çalışır. Söhbət qeyri-formal məşğulluqdan, "kassanın yanından" keçməklə aparılan ticarətdən və xidmətlərin dövlət tənzimlənməsindən kənar göstərilməsindən gedir. Sahibkarın öz gəlirlərini leqallaşdırmasına, şəffaf işləməsinə bir çox amillər təsir edir. Bir qayda olaraq, gizli sektor vergi yükünün yüksək olduğu, işgüzar sövdələşmələr və əməliyyatların rəsmi qeydiyyatsız və büdcəyə vergi ödənilmədən həyata keçirildiyi sferalarda artır.

Hazırda bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə də "kölgə iqtisadiyyatı" var və burada fərq yalnız onun səviyyəsinin nə dərəcədə geniş olmasındadır. Məsələn, Dünya Bankının 2017-ci il üzrə araşdırmalarına görə, "kölgə iqtisadiyyatı"nın həcminə görə MDB dövlətlərində orta göstərici 39%, Şərqi Avropada 23%, Türkiyədə 28%-dir. Halbuki bu göstəricilər 2012-ci ildə müvafiq olaraq 43%, 28% və 31,5% olub.

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın ÜDM-dəki çəkisi ilə bağlı rəsmi statistika ilə müstəqil araşdırma mərkəzlərinin, həmçinin beynəlxalq təşkilatların göstəriciləri arasında ziddiyyətli məqamlar var. Azərbaycanda xüsusilə qeyri-rəsmi məşğulluq, "zərflərdə" verilən əməkhaqqı, ikili mühasibatın aparılması kimi xarakterik yayınmalara rast gəlinir. Bir çox hallarda onun həcmi barədə müxtəlif rəqəmlər səsləndirilir. Lakin aydın olan budur ki, dövlət büdcəsinin gəlirlərinin artırılması üçün olduqca əhəmiyyətli mənbələr mövcuddur. Dövriyyələrin gizlədilməsi və ya xeyli şəkildə aşağı salınması, müəssisələrin vergi öhdəliklərini minimallaşdırmaq üçün onların bölünməsi, işçilərlə əmək müqavilələrinin bağlanmaması, qeyri-rəsmi ödəmələrə üstünlük verilməsi adi bir "biznes təcrübəsinə" çevrilib. Bu hallara təkcə xidmət və ticarət sektoru kimi ənənəvi sahələrdə deyil, istehsal və ixrac yönümlü müəssisələrdə də rast gəlinir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimlinin sözlərinə görə, "kölgə iqtisadiyyatı" həm dövlətin iqtisadi gücünün artırılmasına, həm də vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına mane olan başlıca amildir və çoxmərhələli mübarizə tələb edir: "Məsələn, Azərbaycanda gizli iqtisadiyyatın əsas payını gizli məşğulluq təşkil edir. Əslində, gizli məşğulluq işəgötürənlərə sərf edir. Çünki onlar əlavə sosial sığorta ödənişlərindən, vergilərdən yayınaraq qeyri-leqal yolla külli miqdarda vəsait əldə edirlər. Yəni bu məsələdə vətəndaşların özündən də aktivlik tələb olunur".

Millət vəkili Hadı Rəcəbli də qeyri-formal məşğulluğun əsas səbəblərindən birinin sosial sığorta ayırmalarının yüksək səviyyəsi olduğunu bildirib. Əməkhaqqı fondundan ödəmələrin 25 faizlik (22 faiz işəgötürən + 3 faiz işçilər) həddinin yüksək olduğunu bildirən millət vəkilinin sözlərinə görə, bu, sahibkarların və işəgötürənlərin öz gəlirlərini leqallaşdırmağa mane olan səbəblərdən biridir.

Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, bu gün iqtisadi fəal əhalinin sayı 5 milyona yaxındır, məşğul əhalinin sayı isə 4,6 milyon nəfərdən çoxdur. Bunun təxminən 1,5 milyon nəfərini muzdlu işçilər təşkil edir. Bu şəxslər əmək müqavilələri rəsmiləşdirilmiş işçilərdir. Daha 1,6 milyon nəfərin kənd təsərrüfatı sahəsində çalışdığı məlumdur. Beləliklə, yerdə qalan iqtisadi fəal əhali ya fərdi sahibkarlıqla məşğul və ya özüməşğul əhalidir (işsizlər nəzərə alınmaqla). Ekspertlərin qiymətləndirmələrinə əsasən, bunun 1,2 milyon nəfəri qeyri-formal məşğul vətəndaşlardır. İqtisadi fəal əhalinin ümumi sayı ilə müqayisədə bu, kifayət qədər böyük göstəricidir.