Silahlı Qüvvələrin 100 illiyi Berlində qeyd edilib (FOTO)


Digərləri 27 İyn 2018 12:53:00 242 0

Silahlı Qüvvələrin 100 illiyi Berlində qeyd edilib (FOTO)

Berlin şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi ziyafət keçirilib.

Bakı. Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi ziyafət keçirilib. Azərbaycanın Almaniyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbir Azərbaycanın və Almaniyanın dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan edilib. Tədbiri giriş sözü ilə açan Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov müsəlman şərqində ilk dünyəvi və demokratik respublikanın məhz Azərbaycanda qurulduğunu, onun qısa müddət yaşamasına baxmayaraq, Azərbaycan xalqının inkişafı və maariflənməsinə, habelə onun dövlətçilik ənənələrinin yenidən canlandırılmasına xüsusi töhfələr verdiyini, bu səbəbdən AXC-nin Azərbaycan xalqının yaddaşında dərin izlər buraxdığını və müasir Azərbaycan Respublikasının özünü AXC-nin varisi elan etdiyini bildirib. Səfir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində müasir Azərbaycanın Qafqaz regionunda ən güclü və müasir orduya malik olan qüdrətli dövlətə çevrildiyini qonaqların diqqətinə çatdırıb. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktı və işğalın Azərbaycan üçün doğurduğu nəticələr haqda tədbir iştirakçılarını məlumatlandıran səfir ərazi bütövlüyümüzün bərpa olunmasının Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.