"İnsan şad olmaq üçün var olub"


Digərləri 26 İyn 2018 21:50:00 346 0

"İnsan şad olmaq üçün var olub"

İnsan şad olmaq üçün var olub. Feyz mənbəyi olan Allah insanı feyzə çatması, varlığından ləzzət alması üçün yaradıb. Şadlıq və ləzzət insanın ibtidai haqqıdır. Sadəcə bəşəriyyətin bu günkü durumunu müşahidə etdikdə bu qənaətə gəlirik ki, insanlar şadlığı imitasiya etməklə məşğuldurlar. İnsanlara elə gəlir ki, şadlıq və ləzzət içindədirlər, faciəlisi budur ki, yanıldıqlarının fərqində deyillər. Bu, şeytanın ən böyük hiyləsidir.

Qurani-kərim şeytanın dilindən nəql edir: "Ləuzəyyinənnə ləhum fil ərz" - "Onlar üçün bəzəyərəm". Yəni istəklərini səhv istiqamətə yönəldərəm. Allah və şeytan, hər ikisi eyni şeylərə dəvət edir, sadəcə fərqli ünvanlar göstərməklə. İlk dəfə insanı azdırıb qadağan olunmuş ağaca yönəltdikdə belə dedi: "Sizə əbədiyyət ağacını göstərimmi?" Biz adətən şeytanın insanı günaha dəvət etməsindən danışırıq, amma bunu hansı metodla etdiyinin fərqinə varmırıq. Quran bu hadisədə incə bir məqama toxunur. Şeytan insanı aşiqi olduğu əbədiyyətə çağırır. O həmin əbədiyyətdir ki, Allah da ona dəvət edir. Sadəcə İblisin işi səhv istiqamət göstərməkdir. Şeytanın istinad nöqtəsi fitri istəklərdir: ləzzət, rahatlıq, şadlıq, əbədiyyət və s. Bu istəklərə çatmaq insanın təbii arzusudur və buna görə o, nəinki qınanmır, əksinə Allah tərəfindən təşviq edilir. Sadəcə şeytan bu istəklərə yanlış istiqamət göstərir...

Qayıdaq şadlıq mövzusuna. Həzrət Əli (ə) mömini tərif edərkən onun halını belə vəsf edir: "Daimən nişatuhu", yəni "sevinci daimidir". İnanclı insan sevinci üçün tükənməz bir şadlıq mənbəyi olan Allahı seçib, bu səbəbdən sevinci daimidir. Müvəqqəti varlıqların bəxş etdiyi sevinc də müvəqqətidir və sevinc kəsildikdə yerini mütləq qəm tutur. Allah qəmi insana rəva bilmədiyi üçün, onu özünə bağlayır. Bağlayır ki, şadlığı tükənməsin. Dindar və qeyri-dindarların din barədə düçar olduğu ən böyük səhv, dini sevincin düşməni kimi dəyərləndirmələridir. "Dünyada dərd içində ol ki, axirətdə şad olasan" məntiqi kökündən yanlışdır. Dünyada şad olmayan axirətdə xöşbəxt ola bilməz.

Təəssüf ki, bəzi dindarların davranışında sevincə qarşı gizli bir qısqanclıq hiss olunur. Şad adam görən kimi onu ittiham edən, qəlbinin dərinliyində ona qarşı paxıllıq hissi keçirən dindarlarla tez-tez rastlaşırıq. Aqressivlik və təkfirçilik bu yanaşmanın nəticəsidir. Halbuki, biz şad insan gördükdə ilk olaraq məmnunluq hissi keçirməliyik. Narahatlığımız isə yalnız insanların günah vasitəsi ilə ləzzət aldıqlarına görə olmalıdır. Biz şadlığın özünə yox,onun qaynağına müxalif ola bilərik.

Deyilənə görə, bir gün bir arif tələbələri ilə dəniz kənarına istirahətə gedir. Kənarda bir qrup gəncin içki içərək şənləndiyini görən tələbələr arifə müraciət edərək deyirlər: ağa, onlara fəsad məclisi qurduqlarına görə bəd dua edin. Arif əlini qaldıraraq gözlənilməz bir dua edir: "İlahi, bu dünyada şad olduqları kimi, onları axirətdə də sevindir". Duanın mənası bu olur ki, onları hidayət etməklə axirətdə də şad et. Yəni din şadlığı lənətləmir, sevincin yeganə tərəfdarı elə məhz dindir. Sadəcə sevincin ünvanının doğru seçilməsi vacibdir.