Dəniz nəqliyyatı işçiləri peşə bayramlarını qeyd ediblər


Digərləri 25 İyn 2018 18:35:55 360 0

Dəniz nəqliyyatı işçiləri peşə bayramlarını qeyd ediblər

Dövlət Dəniz Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri bu il də peşə bayramını birgə qeyd ediblər.

Bakı. Dəniz nəqliyyatı işçiləri peşə bayramlarını qeyd ediblər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin 2014-cü il 19 iyun tarixli sərəncamı ilə hər il 25 iyun Azərbaycanda “Dənizçi Günü” peşə bayramı kimi qeyd olunur. Dövlət Dəniz Agentliyi və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin kollektivləri bu il də peşə bayramını birgə qeyd ediblər. Peşə bayramı günündə Azərbaycanın dəniz nəqliyyatı işçiləri əvvəlcə Fəxri Xiyabana gəliblər, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər. Dövlət Dəniz Agentliyinin direktoru Qüdrət Qurbanov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev Ümummilli Liderimizin məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə tər çiçəklər düzülüb. Şəhidlər Xiyabanında uyuyan oğul və qızlarımızın, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhid dənizçilərin xatirəsi də yad edilib. Daha sonra dənizçilərin peşə bayramı münasibətilə tədbir keçirilib. Azərbaycanın himni ilə başlayan mərasimdə “AXDG” QSC-nin sədri R.Vəliyev dənizçiləri peşə bayramı münasibəti ilə təbrik edib. Daha sonra son beş illik fəaliyyətlə bağlı hesabat verən R.Vəliyev bu müddətdə aparılan islahatlardan, görülən işlərdən danışıb. Gəmiçiliyin rəhbərliyi bildirib ki, AXDG qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün Xəzərdə və Xəzərdənkənar hövzələrdə rəqabətədavamlı və beynəlxalq standartlara uyğun dəniz xidmətləri göstərən nüfuzlu və çevik gəmiçilik şirkəti qurmaq, kommersiya baxımından səmərəli fəaliyyəti təmin etmək, Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə əhəmiyyətli töhfə vermək, gəmiçilik sahəsində yüksəkixtisaslı yerli kadrların formalaşmasına nail olmaq əzmindədir. Bu istiqamətdə artıq xeyli iş görülüb. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradıldığı gündən köklü islahatlar və struktur dəyişiklikləri aparılıb, maliyyə hesabatlarının hazırlanması üzrə beynəlxalq standartlara uyğun qaydada, Gəmiçilikdə SAP sisteminin modulları tətbiq edilib, Mərkəzi Dispetçer Sistemi, Elektron Təchizat Sistemi, Vahid korporativ kompyuter şəbəkəsi yaradılıb. Eyni zamanda, gəmilərin sahillə rabitəsinin optimallaşdırılması üçün tədbirlər görülüb, gəmilərdə elektron xəritələr tətbiq olunub. R.Vəliyev Gəmiçilikdə Gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, Xəzərdənkənar fəaliyyətin bərpası və donanmaların yenilənməsindən ətraflı söhbət açıb. Bildirib ki, son beş ildə AXDG-nin donanmasına 20-dən çox gəmi daxil edilib. Onlar həm ticarət gəmiləri, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Xəzərdən kənarda fəaliyyətin bərpasına toxunan Rauf Vəliyev bu sahədə də nəzərəçarpacaq addımların atıldığını vurğuladı. Qeyd etdi ki, sözügedən beş il müddətində Gəmiçiliyin Qara və Aralıq dənizi regionunda 13 gəmisi istismara verilib.