Bakıda qız sosial şəbəkədə tanış olub borc aldığı


Digərləri 23 İyn 2018 20:02:00 274 0

Bakıda qız sosial şəbəkədə tanış olub borc aldığı

“Yazışma zamanı çılpaq şəkillər göndərməyimi istəyirdi”

Sosial şəbəkədəki tanışlıq real həyatda gerçəkləşdikdən sonra istintaq və məhkəmə salonlarına yol açıb. Virtual dostunun onu şantaj etdiyini deyən qadın "bandotdel"ə müraciət edib. Araşdırmalar zamanı isə məlum olub ki, əslində virtual dostu qıza verdiyi borcu ondan geri istəyib...

Bakı Ağır Cinayətlər Məhkəməsində Astara rayon sakini, 27 yaşlı Elnur Əbilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki,Elnur Əbilov "İnstaqram" sosial şəbəkəsində tanış olduğu Ellada Qurbanovanın (ad və soyad dəyişdirilib - red.) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan E.Əbilova qarşı Cinayət Məcəlləsinin 182.2.2 və 178.1-ci maddələri ilə ittiham irəli sürülüb. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

"İnstaqram" da tanışlıq, "Facebook"da yazışmalar, "WhatsApp"dakı əlaqələr

Təqsirləndirilən Elnur Əbilov ifadəsində Ellada Qurbanova ilə 2016-cı ilin yaz aylarında "İnstaqram"da tanış olduğunu, "Facebook"da əlaqə saxladıqlarını göstərib. Növbəti danışıqlar zamanı bir-birlərinə telefon nömrələrini veriblər, zəngləşib görüşüblər. Onların virtual tanışlıqları ilk dəfə "28 Mall" ticarət mərkəzində reallaşıb. Bu cür görüşlər bir neçə ay, təxminən noyabra qədər davam edib.

Noyabr ayında isə virtual dostlar bir az da "irəli gediblər": "Evdə tək idim. Ellada bizə gəldi, ağlaya-ağlaya dedi ki, onu Elçin adlı bir nəfər narahat edir, pul istəyir, onunla yaxınlıq etməsini tələb edir, əks halda, atasınının maşınına narkotik atdırıb onu tutduracağı ilə hədələyir. Elçinin onu sakit buraxması üçün məndən 400 manat istədi, verdim".

"Ellada mənə şantaj olunduğunu dedi"

Növbəti gün Ellada ilə kafelərin birində görüşüb söhbət edərkən qız Elçinin ondan əl çəkmədiyini bildirib. Söhbət əsnasında Elladanın telefonuna zəng gəlib. Zəng vuran şəxsin Elçin olduğunu deyən Ellada dəstəyi Elnura ötürüb:

"Elçinə Elladanın oğlanı olduğumu, bir daha onu narahat etməməsini dedim. Məni təhqir edib telefonu qapatdı. Onun nömrəsini Elladadan alıb təkrar zəng vuranda polis əməkdaşı olduğunu, Ellada ilə gəzdiyini, başıma oyun açacağını dedi".

"Ona 1000 manatdan çox pul vermişdim"

E.Əbilovun ifadəsinə inansaq, Ellada Elçin tərəfindən şantaj olunduğunu bəhanə edərək bir neçə dəfə ondan pul istəyib. O, Elladaya ümumilikdə 1000 manatdan çox pul verib:

"Həmin ərəfədə təhsilimlə bağlı Ukraynaya getməli idim. Elladanın səmimiyyətinə inanıb təhsil haqqımın 450 manatını da ona verdim. Pulları bir aya qaytaracağını demişdi. Sonuncu dəfə Elladaya pul verəndə ona yeni mobil nömrə aldım. Təsəlli vermək üçün dedim ki, Elçinlə də danışmışam, bir daha səni narahat etməyəcək. Dekabr ayında təhsilimlə bağlı Ukraynaya getdim. Ellada ilə internetlə əlaqə saxlayırdıq. Pul lazım olduğundan 200 dollar düzəldib Ukraynaya göndərməsini xahiş etdim. Pulu Xarkovda "Privat Bank"dan götürə biləcəyimi desə də, həmin pul göndərilmədi. Bakıya qayıdandan sonra Elladadan ona verdiyim pulların heç olmasa yarısını qaytarmasını xahiş etdim. O, isə pulu olmadığını söylədi".