"Fındıq" deyə bilmədiyin bəs deyil, hələ küçəmizə qız dalınca gəlmisən?


Digərləri 23 İyn 2018 19:06:00 306 0

"Fındıq" deyə bilmədiyin bəs deyil, hələ küçəmizə qız dalınca gəlmisən?

Səkkizinci sinfi təzəcə bitirmişdim. Məndən bir neçə yaş böyük dostumun toyunda mən yaşda xalası qızı ilə tanış olmuşdum. Qız gedəndə ünvanını mənə verdi ki, "söhbətimizi davam edə bilərik".

Bir gün anamdan 2 manat aldım ki, 1 manata gedib, qayıdaram, bir manata da şəhərdə "marojna-zad" yeyərik, bəlkə kinoya gedərik.

O zaman Kirovabad adlanan Gəncə şəhərinin Yevlax avtovağzalında düşüb tramvayla bir neçə dayanacaq getdim və onun küçəsini axtarmağa başladım. O yana-bu yana fırlanıb, gördüm ki, nəinki səhv gəlmişəm, buradan avtovağzalın yolunu tapmaq da çətin olacaq.

Bir də gördüm ki, tində dayanan təxminən mən yaşda oğlanların diqqəti mənə yönəlib. Bu isə ciddi təhlükə siqnalıdır. İndi, bilmirəm, belə şeylər var ya yox. O vaxtlar özgə küçəsinə düşən yad xeyli sınaqlardan keçməyə məruz qala bilərdi.

Aleksey Manvelyanın bloqu: Bizə nə oldu? Aleksey Manvelyanın bloqu: Daimi qeyri-milli kadr Aleksey Manvelyanın bloqu: Mənim vətənim haradır?

- Kimi axtarırsan, qağa? - bu standart sualdır, bundan sonra gəlir: "Qız dalınca gəlmisən, ə?".

Kimisə tanısan, bu küçədən kiminsə adını bilsən, bəxtin gətirib. Yalandan ağlına gələn bir dayının adını desən, bu küçədə eləsi yoxdursa: "Özündən basma, burda elə adam yaşamır. Küçəmizdə nə işin var?".

Ola bilsin, rinqdə ya güləş zalında bu həmyaşıdlarına qalib də gələrsən, amma küçə davası (özü də özgə küçəsində) başqa şeydir. Birdəfəlik cumsalar, dava düşsə, 5-10 şapalaq onlar vurar, 1-2 dəfə sən zərbədən müdafiə oluna bilərsən.

Sonra kimsə aralayar, ya da yıxılarsan, yazıqları gələr, bir-iki təpik vurub buraxarlar. Burda müəyyən ifadələr, lap söyüş işlətməyi bacarmaq lazımdır.

Qaçmaq da olmaz. Sizin küçənizdə bilib, adını "qorxaq" qoyarlar. Daha bir rüsvayçılıq da odur ki, rənginin qaçdığını, dilinin dolaşdığını, əllərinin titrəməsini görən bu oğlanlar axırda qəhqəhə çəkib deyə bilərlər: "Qorxma, zarafat edirdik".

- Yox, heç kəsi axtarmıram. Deyəsən, səhv gəlmişəm. Yevlax avtovağzalına getməliyəm.

- Bura hara, avtovağzal hara? Şəhərli deyilsən?

- Hələ bunun burnuna bax, əyə, - uşaqlardan biri, deyəsən, duymağa başlayır. - Ermənisən, musurman?

Şəhərin o biri hissəsində soruşardılar: "Hayes, turkes?".

Vəziyyət ciddiləşir. "Fındıq" deyə bilmədiyin bəs deyil, hələ küçəmizə qız dalınca gəlmisən?

Dilim-ağzım quruyub, ürəyimin tıqqıltısını gizlətməyə, sifətimdə təbəssüm izhar etməyə çalışıram. Özümü sərbəst saxlayıram.

Bu da əl çəkmir ki: "Fındıq", - de.

- Özün de, - deyirəm.

- Nə deyim? - hələ ümid edir ki, "fındıq" əvəzinə "pındıx" deyəcəyəm.

Bu, ən axmaq testdir. Məsələ ondadır ki, hətta futbol"a - "pdvol", "faşist"ə - "paşist", deyən nənəm də, lazım olsa çox rahat "fındıq" deyə bilər. Hamı deyə bilir. Sadəcə, öz dillərində "pındıx" demək rahatdır.

Bu vaxt bayaqdan bir qədər aralı çöküb motorollerində qurdalanan arıq ucaboy gənc ayağa durub dedi: "Bəsdirin, ə! Nə işiniz var?". Sonra motorollerini işə salıb, üzünü mənə tutub, dedi: "Gəl min, aparım səni avtovağzala".

Yevlax avtovağzalında mən motorollerdən düşəndə, o, əlini uzadıb, dedi: "Kamil".

Yad ölkədə doğma evin müjdəsi

Bu əhvalatdan 3-4 il keçdi.

İki dəfə Bakıda instituta qəbul olunub, çıxdıqdan sonra Politexnik İnstitutunun Kirovabad filialına daxil olub əsgərliyə gedəndə, əmin idim ki, ordu xidmətim futbolda keçər.

15 yaşımdan rayonumuzun yığma komandasında oynayırdım, kənd rayonları üçün keçirilən "Məhsul" kuboku yarışlarında iştirak edirdim, əsgərliyə gedəndə isə rayonumuzun idman komitəsinin rəhbərləri - Qoca müəllim və Zöhrabov Mais - mənə 1-ci dərəcəli futbolçu vəsiqəsini verdilər.

Lakin əsgərliyə getdikdən təxminən yeddi ay sonra ilk dəfə stadiona ayaq basdım. O da öz axmaqlığımdan.

Biləcəri toplanış məntəqəsində aydın oldu ki, Almaniyada Sovet Qoşunları Qrupunda (ASQQ) xidmət etməliyəm. Amma Biləcəridən birbaşa Almaniyaya aparmırdılar.

ASQQ-yə düşənləri əvvəlcə Kirovabaddakı hərbi hissənin ərazisində çadır düşərgəsində 1 həftə saxlayıb, oradan sərnişin daşımaq üçün uyğunlaşdırılmış yük vaqonları ilə Almaniyaya yola salırdılar.