Hakerlər peyklərə də hücum etdilər


Digərləri 23 İyn 2018 07:51:00 215 0

Hakerlər peyklərə də hücum etdilər

"Symantec" şirkətinin təhlükəsizlik sahəsi üzrə mütəxəssisləri Çində yerləşən kompüterlərdən işə salınan mürəkkəb haker kampaniyasını aşkarlayıblar. Kampaniya zamanı hakerlər ABŞ və Cənub-Şərqi Asiyanın peyk rabitəsi operatorları, müdafiə podratçıları və telekommunikasiya şirkətlərinin kompüterlərinə müdaxilə etməyə nail olublar. Məqsədin casusluq, hərbi və mülki məlumatların ələ keçirilməsi olduğu bildirilir.

Son.az ICTnews-a istinadən bildirir ki, bu gün hansı məlumatların ələ keçirilməsini demək çətindir. Lakin hakerlər tərəfindən peyklərin idarəetməsinin həyata keçirildiyi kompüterlərin yoluxdurulması daha böyük narahatlıq doğurur. Bu, onlara orbital qurğuların mövqeyini dəyişməyə və məlumatların ötürülməsini pozmağa imkan verir. Bunun nəticəsində mülki və hərbi obyektlərin fəaliyyətinə ziyan dəyə bilər.

Məlumata görə, hazırda təhlükəsizlik bərpa edilib və kompüterlər hakerlərin nəzarətindən çıxarılıb.