Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib


Digərləri 22 İyn 2018 19:46:00 337 0

Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə iyunun 22-də Bakının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib. Komitədən Trend-ə verilən məlumata görə, məcburi köçkünlərin məşğulluğuna dəstək məqsədi daşıyan aktiv məşğulluq tədbirində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə 70 müəssisədən 532 vakant iş yeri təqdim olunub. Tədbirin açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli və Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov iştirak ediblər. M.Kərimli vurğulayıb ki, əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biridir və dövlət məşğulluq orqanları tərəfindən bu istiqamətdə tədbirlər ildən-ilə gücləndirilir. Nazir müavini “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqınların və məcburi köçkünlərin məşğulluğunun təmin olunmasının dövlət məşğulluq orqanlarının fəaliyyətində mühüm yer tutduğunu diqqətə çatdırıb. O bildirib ki, cari ilin 5 ayında da dövlət məşğulluq orqanları tərəfindən məşğulluğu təmin olunanların 1,9 min nəfərini, peşə hazırlığına cəlb edilənlərin 91 nəfərini məcburi köçkünlər təşkil edib.