Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib (FOTO)


Digərləri 22 İyn 2018 17:58:22 708 0

Professor İradə Hüseynova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib (FOTO)

Alim, həmçinin akademiyanın Beynəlxalq Qızıl Ulduz mükafatına layiq görülüb

Bakı. Bakı Dövlət Universitetinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, elm, təhsil və innovasiyaların inkişafında xidmətlərinə görə (Oksford, İngiltərə) Beynəlxalq “Sokrat” mükafatı laureatı İradə Hüseynova Türkiyənin Ankara şəhərində fəaliyyət göstərən Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademik) seçilib və həmin akademiyanın Beynəlxalq Qızıl Ulduz mükafatına layiq görülüb. İradə Hüseynova görkəmli dövlət xadimi və siyasi xadim, ümummilli lider Heydər Əliyev haqqında “Müstəqil Azərbaycan dövlətinin yaranması və möhkəmləndirilməsində Heydər Əliyevin rolu” adlı ilk doktorluq dissertasiyasının müəllifidir. Onun doktorluq dissertasiyasının müdafiəsi ilə elmin yeni istiqaməti – Əliyevşünaslıq elminin əsası qoyulub. Professor İradə Hüseynova, həmçinin ulu öndər Heydər Əliyevin dövlətçilik və siyasi fəaliyyətinə həsr edilmiş bir sıra sanballı elmi monoqrafiyaların və dərsliklərin müəllifidir. Əliyevşünas və qafqazşünas alim İradə Hüseynova 300-ə yaxın elmi əsərin – Əliyevşünaslıq elminə dəyərli töhfələr olan “Dövlətçilik naminə” (Bakı, 2001), “Müstəqilliyimizin təminatçısı” (Bakı, 2003), “Müstəqil Azərbaycan dövlətinin qurucusu” (Bakı, 2004), “Гейдар Алиев – от политического руководителя к общенациональному лидеру” (Bakı, 2005), “Tarix. Zaman. Düşüncələr.” I cild. (Bakı 2016) adlı monoqrafiyaların, Qafqazşünaslıq sahəsində - “Qafqaz xalqlarının tarixi” (Bakı, 2006), “Heydər Əliyev və Qafqazda sülh prosesi” (Bakı, 2008) adlı fundamental dərsliklərin, postsovet məkanında ilk dəfə olaraq “Историческая энциклопедия Кавказа” (Bakı, 2010) adlı ensiklopedik nəşrin müəllifidir.