Azərbaycanın telekanallarında məhdudiyyət


Digərləri 21 İyn 2018 07:54:00 345 0

Azərbaycanın telekanallarında məhdudiyyət

Azərbaycanda telekanallarda "16+" yaş kateqoriyası üçün nəzərdə tutulan qorxu məzmunlu informasiyaların yerli vaxtla saat 7-dən 21-dək, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaların, eləcə də erotik məzmunlu informasiyaların yerli vaxtla saat 6-dan 23-dək yayımına məhdudiyyət qoyulacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu məsələ Milli Məclisdə I oxunuşda qəbul edilən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsində öz əksini tapıb.

Layihəyə görə, uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyalara zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli informasiyalar aiddir.

Teleradio yayımı vasitəsi ilə "Universal", "6-", "6+" və "12+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına isə vaxt məhdudiyyəti qoyulmayacaq.

Layihədə müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınmaqla informasiya məhsulunun yaş kateqoriyasına uyğun təsnifatı da aparılıb.