Xoşqədəm Hidayətqızı, Rövşanə Bektaşi metroda "linç" edilən qız haqqında "Şoka düşdüm"


Digərləri 20 İyn 2018 19:33:00 1014 0

Xoşqədəm Hidayətqızı, Rövşanə Bektaşi metroda "linç" edilən qız haqqında  "Şoka düşdüm"

Bir neçə gün öncə Bakı Metropolitenində gənc qızın geyimə görə bir oğlan və yaşlı qadın tərəfindən təhqir edilməsi mediada və sosial şəbəkələrdə geniş müzakirə olunur. Bəziləri gənc qızı müdafiə etsə də, onu az qala linç edən oğlanın və qadının müdafiəsinə qalxanlar da tapılır.

Son.az xəbər verir ki, cəmiyyətin birmənalı qarşılamadığı bu hadisəyə xanım ziyalıların münasibətini öyrəndi.

Teleaparıcı, publisist Xoşqədəm Hidayətqızı təhqir edilən gəncin müdafiəsinə qalxdı və qadınlarla bağlı gündəmdən olan digər məsələlərə də kəskin münasibət bildirdi:

"Hadisənin görüntülərini izlədim. Çox üzücüdür. Bir insanın üzərinə bu şəkildə getmək olmaz. Geyim insanın şəxsi seçimidir. Bir insan istədiyi şəkildə geyinibsə, onun bizə heç bir aidiyyəti yoxdur. Biz o tərz geyimi bəyənmiriksə və geyimin qıza yaraşmadığını düşünürksə, hətta onu dilimizə gətirəndə belə düşünməliyik. İrad bildirmək istəsək belə, elə üsul seçməliyik ki, onu kənardakılar eşitməsin. Ümumiyyətlə, bir insanın geyiminə, düşüncəsinə görə bu qədər aqressiv münasibət yolverilməzdir. Ola bilər ki, biz o geyim tərzini bəyənməyək. Ancaq bu bizə qışqırmağa, danlamağa, bağırmağa əsas vermir.

Təəssüf ki, indi bizim üçün önəmli olan dəyərlərə bəziləri əhəmiyyət vermir. Kimisə geyiminə, puluna görə qarşılayırıq. Ancaq mən heç vaxt insanları xarici görünüşünə, geyiminə görə tənqid etməyin tərəfdarı olmamışam. İnsanı yaradan Allahdır. Geyim isə bizim zövqlərimizə, seçimlərimizə bağlıdır. Hər kəsin öz zövqü var və bu, müzakirə obyekti ola bilməz. İnsanlar özünə yaraşanı bizdən daha yaxşı bilir.

Ümumiyyətlə, son günlərdə ortaya çıxan qadınlara qarşı zorakılıq halları insanı dəhşətə salır. Elə bu gün 13 yaşlı bir qızın zorlanaraq hamilə qalması xəbəri, dünən on altı yaşlı qızın nişanlısının xəyanətinə görə intihar etməsi və yaxud gənc bir qızın geyiminə görə linç edilməsi xəbəri tüklərimi ürpərdir. Cəmiyyət sadəcə sosial şəbəkələrdə, mətbuatda yayılan xəbərləri izləyir. Mən isə gündə onlarla, yüzlərlə belə hadisələrin olduğu məktub, zəng qəbul edirəm. O taleləri oxuduqca, həyatdan küsürəm, heç kimlə danışmaq istəmirəm. Qadınlara qarşı belə münasibəti görəndə çox pis oluram. Elə az öncə bir qadının videosunu izlədim. Ona qarşı böyük təzyiqlər var. Bir nəfər qadını incidir və o da videosunu çəkib göndərib. Deyir ki, artıq dözə bilmirəm, intihar edəcəm. Mən onu sakitləşdirmək üçün qırx dəqiqə söhbət etmişəm. Onu özünü öldürməkdən çəkindirməyə çalışmışam ki, övladları var. Bu şeylər az qala hər gün təkrarlanır.

16 yaşlı bir qızın universitet, karyera haqqında düşünməli olduğu bir vaxtda sevdiyi oğlan haqqında xəyallar qurması, düşünməsi, hətta nişanlısının xəyanətinə görə intihar etməsi faicədir. Buna hansı adı qoymaq olar, bilmirəm. Axı niyə o yaşda bir qız məktəb haqqında deyil, ər haqqında düşünür? Hansı mühit, hansı çevrə onu o həddə gətirib çatdırıb? Valideynlər hara baxır? Niyə uşaqlarını neqativ hallardan qorumur, niyə onunla maraqlanmırlar?

O ki qaldı, metroda baş verən hadisənin səbəblərinə. Evində qadını, qızı, körpəsi olan bir kişi öz övladına necə yanaşırsa, öz övladına nəyi rəva görmürsə, onu başqasına da rəva görməməlidir. Bu 13 yaşında zorlanan qıza da aiddir. Axı on üç yaşlı qız nə bilir hamiləlik nədir? Bu biabırçılıqdır. Hələ bu qədər ictimailəşdiririk, müzakirə edirik, ictimai qınağa səbəb olur, yenə də belə hadisələr azalmaq əvəzinə, getdikcə artır. Belə hadisələrlə çox ciddi mübarizə aparılmalıdır. Tənqid edilməlidir.