Açıq satılan qidalar sağlamlıq üçün təhlükəlidir…


Digərləri 16 İyn 2018 23:37:00 267 0

Açıq satılan qidalar sağlamlıq üçün təhlükəlidir…

Havada olan və küləklə yayılan bu mikroblar buxarlanaraq açıq satılan qidalara bulaşır

Bazarlarda, ticarət mərkəzlərində, keçidlərdə açıq qidaların - qutab, peraşki, xaçapuri, bulka və s. səyyar satışına tez-tez rast gəlirik. Toz-torpağın altında satılan bu qidalar insan sağlamlığı üçün təhlükəli olsa da, təəssüflə qeyd etmək lazımdır ki, istehlakçılar bu qidalara daha çox üstünlük verirlər.

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, hər il müxtəlif şəraitlərdə çirklənmiş qidalar səbəbi ilə 600 milyon insan xəstələnir, 420 min insan isə həyatını itirir.

Mütəxəssislərə görə, açıq şəraitdə satılan qidalara mikrob və bakteriyalar tez bulaşır. Açıq havada olan və küləklə yayılan bu mikroblar buxarlanaraq açıq satılan qidalara bulaşır.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, açıq satılan qidalarda olan mikrob və bakteriyalar çox asan şəkildə orqanizmə daxil ola bilər. Bu zaman ürəkbulanması və qusma müşahidə edilir.

"Açıq havada satılan qidalar keyfiyyətini tez itirir və bu da qida zəhərlənməsi ilə nəticələnə bilər. Açıq satılan qidaların istifadə müddəti də tez bitir. Belə şəraitdə saxlanılan və satılan qidalar gəmirici heyvanlar, böcəklər tərəfindən zərər görmüş ola bilər. Bəzən uşaqlara bazarlarda satılan peraşki, xaçapuri, qutab və s. verilir. Hər bir valideyn bilməlidir ki, bu qidalar uşağı üçün çox zərərlidir", - M.Abbasova bildirir.

Həkimin sözlərinə görə, bəzi mikroorqanizmlər qidanın keyfiyyətini pozmadan belə sağlamlığa zərər verə biləcək hala gətirir. Buna görə də, qidanın satış, saxlanma və gigiyenik şəraiti çox önəmlidir.

Abbasova qeyd edir ki, belə qidaların istehlakı azyaşlı uşaqlar üçün daha təhlükəlidir: "Məktəbli övladı olan valideynlər daha diqqətli olmalıdır. Çünki uşaqların məktəb və yaxınlığından açıq qidalar əldə etmək imkanları daha böyükdür. Buna görə də çalışmaq lazımdır ki, məktəblinin qida çantası xüsusi yığılsın. Uşaqlara açıq şəraitdə satılan qidaları qəbul etməyə şərait yaratmayın".

Qida Təhlükəsizliyi Agentliyindən isə bildirir ki, pilləkənlərdə, gediş-gəliş yollarında, piştaxta ilə təchiz olunmayan yerlərdə hər hansı bir məhsulun satışı qadağandır: "Açıq olaraq satılan qida məhsulları qablaşdırılmış məhsullarla müqayisədə ətraf mühitə qarşı daha həssas olduğundan bu məhsulların satışı zamanı daha diqqətli olmalı və belə tipli məhsulların satıldığı yerlərin təmizliyi davamlı olaraq təşkil edilməlidir. Hazır qida məhsullarının açıq şəraitdə satışı zamanı məhsullar istehlakçılardan şəffaf vitrinlə ayrılmalıdır".