Öldükdən sonra da yaxşılıq etmək imkanı


Digərləri 15 İyn 2018 22:26:00 376 0

Öldükdən sonra da yaxşılıq etmək imkanı

Hamı 100 qram qanı, qaraciyərinin bir parçası, iliyi ilə ölüm ayağında olan bir insanı xilas etmək gücünə sahib olduğunun fərqinə varmalıdır 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Orqanların transplantasiyası əməliyyatları hələ eramızdan əvvəl qədim Misirdə sınaqdan keçirilib. Azərbaycanda isə bir insanın orqanının başqa bir şəxsə köçürülməsi faktı akademik Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun rəhbərliyi ilə 1971-ci il martın 4-də nəinki Azərbaycanda, Cənubi Qafqazda və Yaxın Şərqdə ilk dəfə xəstəyə böyrək köçürülüb. Orqan transplantasiyası ilə bağlı hüquqi bazanın formalaşdırılması da ulu öndər Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir. Belə ki, 1999-cu ildə "İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunmuş, 2000-ci ildə isə Nazirlər Kabinetinin qəbul etdiyi qərara görə, transplantasiyasına icazə verilən orqan və ya toxumaların siyahısı tutulmuşdur.     Bu sahədə maarifləndirmə işi aparılmalıdır 

Orqan köçürülməsi daim aktual olan məsələlər sırasındadır. Belə ki, son dövrlər məsələ ilə bağlı bir sıra müzakirələr aparılır. Həmin müzakirələrdən biri də iyunun 5-də Milli Məclisin Səhiyyə komitəsində keçirilib. Trend-in məlumatına görə, "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişiklik edilməsi təklif olunur. Belə ki, qanuna təklif edilən 9.4-cü bəndə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olmayan şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər. Bu halda məhkəmə-tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamağını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir). Qeyd edək ki, qanuna dəyişikliklər iyunun 5-də Milli Məclisin Səhiyyə komitəsində müzakirə edilib, lakin müzakirələrdən sonra dəyişikliklərin yenidən işlənməsi və müzakirəyə çıxarılması məqsədəuyğun hesab edilib.

Məsələyə münasibət bildirən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, orqan köçürülməsində ən vacib şərtlərdən biri əməliyyatın tez həyata keçirilməsidir: "Çünki beyin ölümü baş verəndən sonra müəyyən vaxtdan sonra bütün orqanlar öz funksiyalarını dayandırmağa başlayır və sıradan çıxır. Ona görə də, beyin ölümü baş verəndən sonra nə qədər tez müddətdə orqan köçürülərsə, o qədər də effektiv nəticə verər".

Deputat qəzada ölən şəxsin orqanlarının yaxınının icazəsi olmadan götürülməsi məsələsinə də aydınlıq gətirib: "Biz indi elektron səhiyyəyə keçirik, digər tərəfdən, icbari tibbi sığorta işləməyə başlayıb. İcbari tibbi sığortada hər bir şəxsin sığorta kartı olacaq. O sığorta kartında onun bütün tibbi göstəriciləri yazılacaq, o cümlədən əgər şəxs sağlığında vəsiyyət edibsə ki, "mən öləndən sonra orqanlarımı bağışlayıram və yaxud da orqanlarımın götürülməsinə etiraz etmirəm", bu onun həmin kartında yazılacaq. O kartın nömrəsi isə vətəndaşın şəxsiyyət vəsiqəsinin nömrəsi ilə eyni olacaq. Yəni vətəndaşın kartına baxdıqdan sonra daha onun qohumlarını gözləmək lazım deyil. Elektron qaydada vətəndaşın kartına baxıb görəcəklər ki, vətəndaş orqanlarını bağışlayıb, yoxsa yox. Əgər etirazı yoxdursa, orqanlar götürüləcək, lakin etiraz edibsə, təbii ki, onun orqanlarını götürmək olmaz. Yəni burada əsas məqsəd orqanın götürülməsinin tezliyini təmin etməkdir. Tutaq ki, bir şəxs rayonda qəzada dünyasını dəyişir, yaxını isə Bakıdadır. O gəlib razılıq verənə qədər ölmüş şəxsin orqanları artıq sıradan çıxacaq. İnsanlarımız da anlamalıdır ki, onsuz da bunun əzizi dünyadan köçüb, geri qaytarmaq mümkün deyil, heç olmasa orqan köçürməsi ilə digər insana kömək etməklə rəhmət qazanır". 

Məsələ ilə bağlı mütəxəssislərin fikirlərini öyrənməyə çalışdıq.

Məcburiyyət olmamalıdır

Həkim, hüquq müdafiəçisi Nabil Seyidov bu addıma çox müsbət yanaşdığını qeyd etdi: "Məncə, çox yaxşı və yerində verilmiş bir qərardır. Hazırda beynəlxalq təcrübədə də bu metoddan istifadə edilir. 18 yaşına çatmış istər sürücülük vəsiqəsi, istər tibbi sığorta kartı alan hər kəsə orqanlarının köçürülməsi ilə bağlı sual verilir. Amma burada məcburiyyət tətbiq olunmamalıdır ki, kimsə bu suala mütləq cavab versin. Yəni məcbur deyil ki, insan həmin suala ya "hə", ya da "yox" desin. O, cavab verməmək hüququna da malikdir. Yetkinlik yaşına çatmayanların yerinə isə ya valideynləri, ya da himayədarları bu haqda qərar verir. Lakin ümumi yanaşıldıqda, hesab edirəm ki, çox mühüm məsələdir. Bu gün Azərbaycanda orqan donorluğuna çox böyük ehtiyac var. Bu işin uğurla həyata keçirilməsi üçün donor bankı yaradılmalıdır, bir sıra analizlərin aparılması üçün laboratoriya sisteminin işi genişləndirilməli və təkmilləşdirilməlidir". 

Həmsöhbətim maarifləndirmə məsələsinə də toxundu: "Düşünürəm ki, bu məqamda əsas iş ilk növbədə dini xadimlərimizin, filoloqlarımızın üzərinə düşür. Onlar media orqanları vasitəsilə insanların maarifləndirilməsində yaxından iştirak etməlidirlər. Bu cür addımın İslam dininə zidd olmadığını, əksinə dində bunun müsbət qiymətləndirildiyini qeyd etməlidirlər. Bundan başqa, ictimai səhiyyə orqanları, dövlət qurumları, qeyri-hökumət təşkilatları həm paytaxtda, həm də regionlarda əhali arasında danışıqlar apararaq onları maarifləndirməlidirlər. Bu işdə kütləvi informasiya vasitələri də fəal olmalıdırlar".    Heç bir dini əsası yoxdur   Müsahibimiz maarifləndirmə işində dini xadimlərinin rolunu vurğuladı. Maraqlıdır, orqan köçürülməsinə dində münasibət necədir, dinimiz icazə verirmi ki, kimsə orqanını bağışlasın? Çünki bəzi insanlarda belə bir düşüncə var ki, o biri dünyaya bütöv şəkildə, yəni orqanları parçalanmadan, yarılmadan getməlidir. Hətta bunu dinin tələbi olduğunu, meyitin yarılmasının bizim dinə zidd olduğunu fikirləşirlər. Buna görə də orqan köçürülməsinə müsbət yanaşmırlar. Bu yanaşmanı nəzərə alaraq din xadiminə müraciət etdik.