Azərbaycanda Ramazan bayramı qeyd olunur


Digərləri 15 İyn 2018 00:01:00 266 0

Azərbaycanda Ramazan bayramı qeyd olunur

İyunun 15 və 16-da Azərbaycanda Ramazan bayramı qeyd olunur.

Bakı. İyunun 15 və 16-da Azərbaycanda Ramazan bayramı qeyd olunur. Trend-in məlumatına görə, müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci ilindən qeyd olunmağa başlanıb. Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur. Oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir. Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab Qurani-Kərimi tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir. Qurani-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Bəşərin hidayət rəhbəri olan müqəddəs kitabımızda bu İlahi əmr barədə belə buyurulur: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya (Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar” (“Bəqərə”, 185). Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc (insanı) cəhənnəm odundan qoruyan bir qalxandır”.