Milləti bəyənmirsənsə, ona necə vəkil ola bilərsən?


Digərləri 14 İyn 2018 22:10:00 236 0

Milləti bəyənmirsənsə, ona necə vəkil ola bilərsən?

Millətə, xalqa, azərbaycanlılara vəkillik etməklə vəzifələndirilən şəxs - millət vəkili. O, hansı xüsusuiyyətlərə malik olmalıdır, hansı sifətləri özündə ehtiva etməlidir? Yəqin ki, hər kəsin çoxsaylı cavab variantları var. Amma bir variant danılmaz, inkaredilməz, hətta deyərdik ki, aksiom hökmündədir. Millətə vəkillik etmək istəyən bu milləti sevməlidir, ona, milli-mənəvi dəyərlərinə hörmət etməlidir. İndi təsəvvür edin ki, azərbaycanlıların bir millət vəkili belə fikir söyləyir: "Bu da azərbaycanlıların ənənəvi dini. 500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz. Bu dinin adına Azərbaycanda İslam deyirlər". Bu fikrə istehza da deyə bilərik, rişxənd də, kinayə də. Amma mətləb dəyişməyəcək. Millətin vəkili özündə ehtiva etməli artıq qeyd etdiyimiz xüsusiyyətə nəinki malik deyil, hətta özündə onun tam əksini, ona tərs mütənasib olanını cəmləyib.

Son.az islam.az-a istinadən bildirir ki, millətimizin vəkili deyir ki, "Bu da azərbaycanlıların ənənəvi dini". Sual vermir - "ənənəvi dindirmi bu?". İddia edir ki, bu - elə bizim ənənəvi dinimizdir. Dolayısı ilə elə onun da dinidir. Çünki adam iddia edir ki, AZƏRBAYCANLIDIR. Əgər əksi olsaydı, bizə hansı əsasla vəkillik edir? Yəni adam tam əmindir ki, "bu azərbaycanlıların ənənəvi dinidir". Və... buna da rişxənd edir!? Yaxşı. O zaman artıq verdiyimiz sual növbəti dəfə çıxır meydana: əgər sən bu milləti bəyənmirsənsə, hələ durub rişxənd edirsənsə, sən bu millətə necə vəkillik edə bilərsən? Millət budur. Sən seçkilərdə namizədliyini irəli sürəndə də elə belə idi, heç dəyişməyib. Yaxşı, bəs bəyənmədiyin millətə vəkillik etmək hansı məntiqə, hansı ağıla, hansı vicdana uyğundur? Gedib başqa, bəyəndiyin millətə, xalqa vəkillik etmək üçün çalışmaq daha düzgün olmazdımı? Məsələn, Afrikanın hansısa qəbiləsinin etimadını qazanmağa çalışardın və yaxud... O qədər variant var ki! Banqladeş, Surinam, Madaqaskar, Cibuti... İmkan verərdin bu milləti sevən, onu bəyənən, ona kinayə ilə yanaşmayan bir başqası alardı da o mandatı! Axı bu xalqa onun daha çox xeyri dəyərdi!..

Sonra bu millətə vəkillik iddiasında olan yazır ki, "500 il, 300 il, 100 il öncə yaşananlarla bu gün yaşananların fərqini görməzsiniz". Əcəb! Cınqırığını çıxarmağa məəttəlsən ki, "din polisləri" tökülür: "Bidət!", "Şirk!". Bəs, yaxşı, neyləməliyik? Əcəba, millətin vəkili nə fərqi axtarır? Bəli, 500 il əvvəl də belə olub, hələ ona qədər dünyanın sonu gəlməsə, 500 il sonra da belə olacaq. Nə yenilik görmək istəyir millətin vəkili? (Hərçənd, belə istəklərə bəraət qazandırmasaq da, anlayırıq: adamın dindən anlayışı yoxdur. Özü də anlamır ki, bu "dini novatorluqları" qaynaqçının "onsuz da orda da kəsib calayırlar da" iddiası ilə özünü tibbə, orqan köçürülməsi əməliyyatlarına sırıması kimi bir şeydir). Bəlkə namaz qılanda əlimizi cibimizə qoyaq? Hə? Niyə də yox?! Adam deyir məzhəbim yoxdur, bəlkə elə özü əli cibində namaz qılır, bəyənmədiyi "cahil" azərbaycanlıları da buna səsləyir? Ya bəlkə Ramazan orucunu günaşırı tutaq? Nə qədər olar e? Bu hətta 500 il deyil, 1400 ildir davam edir! Ya da ki, vəhhabilərin Suriyada, İraqda "icad" etdikləri edam növlərini praktikada tətbiq edək. Məsələn, əsirləri elektrik mişarla doğrayaq, turşu vannasında əridək, boğazlarına qumbara bağlayıb partladaq, qumbaraatanla vuraq (yeri gəlmişkən, millətin vəkilinin şəxsi FB səhifəsində onun paylaşmalarını bəyənənlər və rəy yazanlar arasında belə təfəkkürdə olan radikallar da var. Millətin vəkilinə dəstək verir, imkanları olacağı təqdirdə onun da düşmən gördüyü bu xalqın böyük hissəsinin "kökünü kəsəcəkləri" ilə hədələyirlər).