Qaçan məhbuslara görə həbs edilən qarovul rəisi vəkili ilə görüşüb


Digərləri 13 İyn 2018 16:30:00 223 0

Qaçan məhbuslara görə həbs edilən qarovul rəisi vəkili ilə görüşüb

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov vəkili ilə görüşüb.

Bakı. Samir Əli - Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin keçmiş qarovul rəisi Ceyhun Səmədov vəkili ilə görüşüb. Bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib. Vəkil bildirib ki,1 saylı Bakı İstintaq Təcridxanasında baş tutan görüş zamanı C.Səmədov cinayət işinin istintaq materialları ilə tanış olub: "Görüş zamanı istintaq materialları ilə bağlı ekspertiza rəyi Ceyhun Səmədova təqdim edildi və o, rəylə tanış oldu". V.Nadirovun sözlərinə görə, C.Səmədovun saxlanma şəraiti və səhhəti normaldır. Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar. Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunub ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülüb. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.