Saytlarda dil normalarına riayət olunması ilə bağlı monitorinqin nəticələrini açıqlandı


Digərləri 13 İyn 2018 14:12:00 293 0

Saytlarda dil normalarına riayət olunması ilə bağlı monitorinqin nəticələrini açıqlandı

Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu xəbər saytlarında ədəbi dilin normalarına riayət olunması ilə bağlı apardığı növbəti monitorinqin nəticələrini açıqlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, İnstitutun aparıcı elmi işçisi Şahlar Məmmədov bildirib ki, saytlarda dilin inkişafına təsir edəcək ciddi proseslər müşahidə edilir: "Saytlar publisistik üslubun yazılı kütləvi nitq forması olduğu üçün danışıq dilinə çox yaxındır. Saytlarda dilin dinamikliyi, sərbəstliyi, yığcamlığı, bəzən də obrazlılığı onun kütləviliyindən irəli gəlir. Məsələn, "Bakıda avtomobil bazarında QİYMƏTLƏR oynayır","Firuzə İbadovanın boşanan qızı hicaba keçdi" və s. Bu cür xəbər başlıqları adətən danışıq dilinin təsiri ilə yaranır. Saytların dilində ədəbi dilin təmizliyini pozan sözlərə də rast gəlinir. Məsələn, "L.Əkbərova onlara 100 min manatdan çox pul "atıb".

Ş.Məmmədov deyib ki, monitorinqə cəlb etdikləri saytlarda norma pozuntuları müxtəlif dil səviyyələrində özünü göstərir.

Onun sözlərinə görə, fonetik normanın pozulması halları əksər saytlarda müşahidə olunur. "Şəhərdə gəzərkən ehtiyyatlı olun", "Rusiya açıqladı: 200 tonluq balistik raket..." "...borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib", "...Türk Dil Qurumunun sabiq sədri, Hacettepe Universitetinin professoru Şükrü Haluku Akalınla görüş keçirilib" və s". Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur, adətən, mətnlər ciddi şəkildə redaktə olunmadan yayımlanır.

Ş.Məmmədov bildirib ki, ümumiyyətlə, saytlarda xüsusi adların yazılışında ciddi qüsurlar mövcuddur: "Burada yazılışı fərqli formalarda olan elə terminlərə də rast gəlirik ki, onlar Orfoqrafiya lüğətində (2013) yoxdur. Məsələn: "Kim kimi döyəcək: jurnalist bloqqeri, yoxsa bloqqer jurnalisti?" Saytların dilində leksik, üslubi və qrammatik normanın pozulması halları da özünü göstərir. "Paşinyandan Qarabağla bağlı İNANILMAZ ADDIM: müharibə çağırışı rəsmən TƏTİKLƏNDİ", "ABŞ-ın Havay adalarında 3 mayda fəaliyyətə keçən Kilauea vulkanı 23 gündür lava püskürməyə davam edir" və s.