Rusiyadan Azərbaycana idxal olunan buğda məhsulunda alaq bitkisinin toxumları aşkar edilib


Digərləri 13 İyn 2018 11:07:00 257 0

Rusiyadan Azərbaycana idxal olunan buğda məhsulunda alaq bitkisinin toxumları aşkar edilib

Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib.

Bakı. Rusiyadan Azərbaycana idxal olunan ərzaqlıq buğda məhsulunda karantin tətbiq edilən alaq bitkisinin toxumları aşkar edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, qurumun müfəttişləri Rusiyadan idxal edilən ümumi çəkisi 1636.02 ton olan ərzaqlıq buğda məhsuluna baxış keçiriblər. Baxış zamanı məhsuldan götürülmüş nümunələr ekspertiza üçün Respublika Karantin Ekspertiza Mərkəzinin Herbologiya laboratoriyasına təqdim olunub. Laboratoriyada həyata keçirilən ekspertiza zamanı məhsulda karantin tətbiq edilən alaq bitkisi - sürünən kəkrə (Acroptilon repens (L.) DC) toxumları aşkar olunub. Sirayətlənmiş buğda məhsulunun xüsusi aqreqatlar vasitəsilə təmizlənməsi, ayrılmış çıxarın alaq toxumları ilə birlikdə yandırılması nəzərdə tutulub. Fitosanitar tədbirlər sistemi həyata keçirildikdən və məhsul alaq toxumlarından tam təmizləndikdən sonra təyinatı üzrə istifadəsinə icazə veriləcək. Sürünən kəkrə əsasən əkin sahələrini, bağları, çəmənləri və otlaqları alaqlandırır. Bitki payızlıq buğdadan 2-5 dəfə artıq qida maddələri mənimsəyir. Kök sistemi tərəfindən ifraz edilən toksiki maddələr mədəni bitkilərə təsir edir. Kəkrə toxumları əsasən taxıl və ot bitkilərinin toxumları və ot küləşi ilə, səbətcikləri isə su vasitəsilə yayılır. Sürünən kəkrə 25–60 sm hündürlükdə kökümsov gövdəli çoxillik bitkidir. Toxumla, kök pöhrələri və kökümsovlarla çoxalır. Gövdəsi düz, tilli, hörümcək torlu, tiftikli, əsasına qədər budaqlıdır. Yarpaqları növbəli, oturaq, kənarları bütövdür. Çiçəkləri çəhrayı olub, səbətciklərdə yerləşir. Səbətciklər tək–tək, dairəvidir, 1–1,25 sm diametrdə olub, budağın sonunda yerləşir. Hər səbətcikdə 2–26 toxum, bir bitkidə 700-ə qədər səbətcik ola bilər. Səbətcikdəki bütün çiçəklər eyni ölçülü, ikicinsli, boruşəkilli və çəhrayı çələnglidir.