Orta məktəb rus, bakalavr ingilis dilində, magistratura isə azərbaycanca FOTO


Digərləri 11 İyn 2018 03:30:00 325 0

Orta məktəb rus, bakalavr ingilis dilində, magistratura isə azərbaycanca  FOTO

Bəxtiyar Zeynalov: "Üzərimdə məsuliyyət çox olduqca, daha effektiv oluram" 

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Magistraturaya qəbul imtahanına hazırlaşarkən özünü ən yüksən nəticəyə kökləyib, hədəfi birinci olmaq imiş. Birinci turda mümkün 100 balın hamısını toplamağı hədəfləsə də, imtahan çətin keçir və 95 balla birinci olur. İkinci turda isə 43 bal yığır. Yekun balı isə 138 olur. Bu balla magistraturaya qəbul imtahanında respublika birincisi olan Bakı Mühəndislik Universitetinin sonuncu kurs tələbəsi Bəxtiyar Zeynalov müsahibimizdir.

Qeyd edək ki, Bəxtiyar Zeynalov 1997-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Orta təhsilinə Bakıda - 158 saylı orta məktəbdə başlayıb, 4-cü sinifdən sonra isə Mingəçevir şəhər 3 saylı orta məktəbində davam etdirib. Orta təhsilini rus bölməsində alıb.

"Sürətli hesablamağım mənə həmişə kömək olub"

Bəxtiyar deyir ki, orta məktəbdə əlaçı olub. Bir çoxlarına çətin gələn riyaziyyat isə sevimli fənni imiş: "Ən sevdiyim fənlər riyaziyyat, coğrafiya və biologiya idi. Düzdür, çoxlarına çətin gəlir, amma riyaziyyat məndə yaxşı alınırdı. Sürətli hesablamağım mənə həmişə kömək olub. Adətən, dərslərimi özüm hazırlayırdım. Hər zaman böyük qardaşımdan ibrət almışam. Çünki o da yaxşı oxuyurdu və gözümün önündə nümunə var idi".

Orta məktəbi bitirib, ali təhsil üçün imtahan verir. 677 bal toplayır, "Prezident təqaüdü"nü bir balla qaçırır. Bunu, zarafatla "acı xatirə" adlandırsa da, istədiyi universitetə qəbul olur: "Bakı Mühəndislik Universitetində təhsil almaq istəyirdim. Orda təhsil alan qonşum universitet barədə yaxşı fikirlər söyləmişdi, mənə də məsləhət görmüşdü. Ailəm də bu seçimimlə razı idi. Seçimim maliyyə ixtisası oldu. Bizim universitetdə ingilis dilində təhsil 5 illik olur. Birinci il dil öyrədilir, sonra birinci kursa başlayırsan. Mən dildən imtahan verdim, ona görə də, dil öyrənmə mərhələsində olmadım, birbaşa elə birinci kursa getdim".

"Maraq dairəmdə olanları daha çox oxuyurdum"

Universitetin ilk semestrini yüksək nəticə ilə başa vursa da, sonra qiymətlərində bir az zəifləmə müşahidə olunur. Müəyyən bir nöqtədə artıq başa düşür ki, əvvəlki sürəti bərpa etmək lazımdır: "Universitetdə ilk kursda yüksək nəticə göstərirdim. İlk semestrdə bütün qiymətlərim "A" oldu, bir "B" aldım. Növbəti semestrlərdə bir az tənbəllik baş qaldırdı və bu da qiymətlərimdə enişə gətirib çıxarırdı. Növbəti semestr bir "C" gəldi. Sonra iki semestr "D" oldu. Növbəti semestrdə bir "E" alanda başa düşdüm ki, belə getsə, gələcəkdə kəsr də ola bilər (gülür). "E"-ni ikinci kursun sonunda almışdım. 3-cü kursa başlayanda gördüm ki, yox, mən çox dibə yuvarlanmışam və daha da məsuliyyətli olmağı qarşıma məqsəd qoydum. Bu o demək deyil ki, məsuliyyətsiz idim, dərsləri oxumurdum. Sadəcə, maraq dairəmdə olan fənləri daha çox oxuyurdum, sevmədiklərim də isə zəiflik olurdu. Əsas marağım alman dilinə idi, o fənnə daha çox önəm verirdim. Yaxşı da alınırdı. Elə fənlər olurdu ki, mənim onlara marağım yaranmırdı və oxumağa özümü məcbur edə bilmirdim. Bu baxımdan, qiymətim bəzən aşağı olurdu. Marağım yaranan fənni qiymətindən asılı olmayaraq dərinliyinə kimi oxuyurdum. Mənfi cəhətimin biri odur ki, heç vaxt məqalə yazmamışam. Hansı fəndən məqalə tapşırırdılarsa, yazmırdım. 20-30 bal belə gedirdi. Universitetdə müəllimlərim bir-birindən yaxşı idi. 3-cü kursdan sonra yenə var gücümlə oxudum, boşluqlarımı bərpa etdim. Elə oldu ki, son kursda ən yüksək ortalama bal yığanlardan biri də mən oldum".

"Universitet çox maraqlı keçdi"


Xəbərə aid fotolar