Xüşu nədir?


Digərləri 10 İyn 2018 20:05:00 324 0

Xüşu nədir?

Xüşu qorxu və sevgi ilə Allahın əmrlərinə itaət etməkdir, qəlbən sevgi və riayətdir. Hudu isə Allahın əzəməti qarşısında təvazö ilə ikiqat olmaqdır, səmimi təslimiyyətdir.  Xüşu və hudu - bir qulun Allah-Təalanın əzəmət və böyüklüyü qarşısında özünün acizliyini, fəqirliyini, ehtiyaclarını və kiçikliyini düşünməsi, bu düşüncə ilə ürəyinin daim sayğı və təzimlə döyünməsi, hal və bəyanlarının da bu halına tam tərcüman olmasıdır. Qurani-Kərim məhz bu abı-hava içində namazı iqamə edənlərə və ibadətləri yerinə yetirənlərə qurtuluş vəd edir.

...."Həqiqətən, möminlər nicat tapmışlar! O kəslər ki, namazlarını xüşu içində (hər şeyi unudaraq, ruhən və cismən yalnız Allaha yönəlib) qılıb (Ona) boyun əyərlər!"[1]

Namazda xüşu

Xüşu - Allah qorxusu və sevgisi ilə Ona təzim etmək və bu hislə təvazökarlıq göstərmək deməkdir.

Son.az meneviyyat.az-a istinadən bildirir ki, bəzi alimlərə görə, hudu zahiri təzim, xüşu isə ruhi və mənəvi təzimdir. Bəzi alimlər isə "xüşu üzvlərlə, hudu qəlblə, xüşu gözlə, hudu digər üzvlərlə olur" demişdir.

Namazda ayaq üstə dayanarkən səcdə yerinə, rükuda ikən ayaqlara, səcdədə ikən burun ucuna, oturarkən iki əlin arasına (qucağa) baxılmalıdır. Gözlər ətrafa sürüşmədən bu sadalanan yerlərə baxarsa, namazda xüşunun hasil olması, qəlbin dünya düşüncələrindən qurtulması mümkündür.

Həzrət Əli: "Xüşu qəlbdə yerləşən  bir şeydir. Namaz qılanda donmuş kimi heç bir tərəfə baxmamaq və heç nə ilə maraqlanmamaq xüşudandır," - demişdir.

Qurani-Kərimin müxtəlif ayələrində və Rəsulullahın hədislərində xüşudan bəhs edilir. Bəzi İslam alimlərinə görə, xüşu qorxu kimi, yalnız qəlbə aid əməldir. Bəzilərinə görə isə, namazda sükunət və sağa-sola baxmamaq kimi üzv və orqanlarla bağlı əməllərdir. İlk dövrlərdə səhabələr namaz qılarkən bəzən göy üzünə baxarmışlar. "Muminun" surəsinin xüşu ilə əlaqədar ilk ayələri nazil olandan sonra səcdə yerinə baxmışlar.[2]

Namazda xüşu qəlbin bütün kənar şeylərdən arınıb Allaha bağlanması ilə hasil olur. Bu vaxt qəlb hüzuru hiss edir. Alimlər namazın xüşusunu belə izah edirlər: "Bütün cəhd və səyi namaz üçün toplamaq, namaza aid olmayan hər şeydən uzaqlaşmaq, gözləri səcdə yerindən ayırmamaq, sağa-sola baxmamaq, paltarla oynamamaq və barmaqları şaqqıldatmamaq."[3]