Azərbaycanın ən yaxşı startapı seçildi


Digərləri 09 İyn 2018 10:39:04 216 0

Azərbaycanın ən yaxşı startapı seçildi

Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi.

Bakı. “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və "PAŞA Bank"ın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA Universitetinin dəstəyi ilə ölkəmizdə 6-cı dəfə təşkil olunan "Seedstars World" müsabiqəsinin qalibi bəlli olub. MMC-dən Trend-ə verilən məlumata görə, iyunun 8-də ADA Universitetində baş tutan final mərhələsində münsiflər heyəti tərəfindən seçilən 10 yerli startap öz layihələrini təqdim edərək Azərbaycanın ən yaxşı startapı adı uğrunda mübarizə aparıblar. Qaydalara əsasən müsabiqəyə 2 ildən daha az müddətdə fəaliyyət göstərən, real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar qoşula bilərdilər. Beləliklə, münsiflərin səs verməsi ilə Elçin Əsgərovun "Onbranch" layihəsi innovativ dayanıqlı həllinə görə Azərbaycanın ən yaxşı startapı adına layiq görülüb. "Tap2Doc" layihəsi ilə Ceyhun Cəfərov 2-ci yerin qalibi, “Owbike” layihəsi ilə isə Həsənağa Azad 3-cü yerin qalibi olublar. Mükafatın bir hissəsi olaraq, "Onbranch" layihəsi 2019-cu ilin aprelində İsveçrədə keçiriləcək beynəlxalq "Seedstars" Sammitində iştirak edəcək. Bir həftə davam edəcək təlim proqramı zamanı startapımızın dünyanın inkişaf etməkdə olan 65-dən çox ölkəsinin qaliblərilə, həmçinin investor və mentorlarla görüşmək imkanı olacaq. Sammitin son günündə yerli qaliblər 1000 nəfərlik auditoriya qarşısında layihələrini təqdim edəcəklər və 1 milyon ABŞ dolları həcmində investisiya uğrunda yarışacaqlar.