Monitorlardan düzgün istifadə etməsəniz...


Digərləri 08 İyn 2018 22:58:00 267 0

Monitorlardan düzgün istifadə etməsəniz...

Gözlər orqanizmin ən təsirli və cazibədar hissələrindən biridir, onu bəzən "qəlbin aynası" da adlandırırlar. Aristotelin təbirincə, göz təbiətin mahiyyətini saxlamağa imkan verən və bizə daha çox məmnunluq gətirən hiss orqanıdır.

İnsan gözündə 107 milyona yaxın hüceyrə var. Gözlər saniyədə 50 əşyaya fokuslana bilirlər. Gözdə əmələ gələn görüntünün ən kiçik hissəsini-ən kiçik vahidini piksellə ifadə edirlər. Piksellərin sayı nə qədər çoxdursa, əsl görüntü barəsində informasiya da o qədər dəqiq olur.

Son.az bildirir ki, mövcud göz xəstəlikləri, bu orqanın qorunması və görmə qabiliyyətinin saxlanılması haqqında AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin (ATU) oftalmologiya kafedrasının tədris hissə müdiri, tibb üzrə fəlsəfə doktoru Vəfa Məmmədova məlumat verib.

- Son vaxtlar eynəkdən istifadə edənlərin sayı xeyli artıb. Sizcə bunun səbəbi nədir?

-Əvvəla onu qeyd edim ki, aydın görmənin uzaq nöqtəsi sonsuzluqda yerləşir. Yəni sağlam gözün görmə potensialı yüksək olmalıdır. Hətta belə bir tarixi fakt var ki, Çində yaşayan elə qəbilələr olub ki, Yupiterin peyklərini saya biləcək fenomenal görmə qabiliyyətinə malik olublar.

Müxtəlif dövrlərə görə göz xəstəliklərinin aktuallığı da dəyişib. Son illərdə məktəbli, yeniyetmə, gənclər və uşaqlar arasında kliniki refraksiya pozuntularına - ametropiyanın növlərinə, yəni miopiya, hipermetropiya, astiqmatizm kimi xəstəliklərə daha çox rast gəlinir. Həmin görmə qüsurlarının aradan qaldırılmasının bir üsulu da optik eynəklərdir. Son vaxtlar bağça, məktəb, ali təhsil ocaqlarında eynəkdən istifadə edən uşaqlara tez-tez rast gəlirik.

- Əlbəttə ki, bunların xeyli bir qismi dövrün, zamanın həyatımıza gətirdiyi məsələlərdir...

- Monitorlar, mobil telefonlar, planşetlər, smartfonlar həyat və məişətimizə texniki üstünlüklər qazandırmaqla yanaşı insan sağlamlığına, başlıca olaraq görmə orqanına təsirsiz ötüşmür. Belə ki, kompüterdən mütəmadi və uzun zaman istifadə etdikdə oradan düşən infraqırmızı, yumşaq rentgen şüaları təxminən 55-60 faiz hallarda gözdə problemlər yaradır. Belə ki, görmənin astenopiyası (yaxın məsafədə olan əşyalara uzun müddət baxdıqda gözlərdə yorğunluq) dediyimiz hal öz növbəsində miopiyaya (uzaqgörmə itiliyinin zəifləməsi) gətirib çıxarır.

Uzun zaman kompüter arxasında işləmə orqanizm tərəfindən yuxusuzluq, başgicəllənmə, əzginlik, ümumi iş qabiliyyətinin azalması, hipodinamiya kimi hallara və gözlər tərəfindən qızartı, yorğunluq- görmənin astenopatiyası , göz quruluğu sindromuna səbəb ola bilər.