Avropa media məkanının problemləri müzakirə edilib


Digərləri 08 İyn 2018 16:06:00 294 0

Avropa media məkanının problemləri müzakirə edilib

Portuqaliyanın paytaxtı Lissabon  şəhərində Avropa Jurnalistlər Federasiyasının (AFJ) illik toplantısı keçirilib. 05-06 iyun tarixlərində keçirilən və 40  ölkədən EFJ-yə üzv təşkilatların qatıldıqları toplantıda Azərbaycandan AFJ-nin yerli üzv təşkilatı olan Jurnalistlərin Həmkarlar İttifaqı iştirak edib.

Son.az xəbər verir ki, JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, toplantıda öncə Avropa qitəsində medianın durumu müzakirəyə çıxarılıb və AFJ prezidenti Mogens Blicher Bjerregårdın bu yöndə məruzəsi dinlənilib. AFJ prezidenti öz məruzəsində Avropada media azadlığı kontekstində neqativ tendensiyaların çoxalmasından narahatlığını qeyd edib. Moqan Bliçer bu kontekstdə, ilk öncə, Avropada ictimai yayımla bağlı yaranmış duruma toxunub. Bildirib ki, Polşada ictimai yayımla bağlı yaranan neqativ tendensiya, yəni, qanunlara  ictimai yayım sektoruna hökumətin geniş müdaxiləsinə şərait yaradan maddələrin artırılması ilə başlanan proseslər sonradan digər ölkələrdə də önə çıxıb. Bu proses Macarıstanda təkrarlanıb. İndi də Avstriyada ictimai yayım sektoru ciddi təhlükə ilə üzləşib. İctimai yayım sektoru maliyyə problemi ilə rastlaşıb. Hökumət onlara bu durumdan çıxmaqda yardım etmək əvəzinə, yaranmış durumdan faydalanıb ictimai yayım sektoruna hökumətin müdaxiləsi üçün şərait yaradan  şərtlər hazırlayıb və bu şərtləri qəbul etdirmək istəyir. Yaranmış tendensiya genişlənməkdə, Avropa ölkələrində ard-arda yayılmaqdadır. AFJ prezidenti bildirib ki, Avropada geniş tendensiyaya çevrilən "ictimai yayım haqqında qanunlara müdaxilə, onların pisə doğru dəyişdirilməsi" prosesi dərhal dayandırılmalıdır: "İctimai yayım sektorunun maliyyə problemləri  həll edilməlidir;  hökumətlərin ictimai yayım sektoruna geniş müdaxiləsinə yol verən qanunların qəbulu dayandırılmalıdır". Toplantı adından  Avstriyanın Avropa Birliyi, İncəsənət, Mədəniyyət və Media işləri üzrə naziri  Gernot Blümelə ünvanlanmış  müraciət qəbul edilib. Müraciətin mətnində Avstriya hökumətindən ictimai yayımla bağlı problemlərin dərhal aradan qaldırılması, ictimai yayım qanununa müdaxilənin dayandırılması istənilib.

Eyni zamanda,  Avropa jurnalist təşkilatlarına müraciət qəbul edilib ki, Avstriyalı həmkarları ilə həmrəylik nümayiş etdirilsin: "Həmrəy olmasaq, prosesin qarşısını ala bilməsək, Avropada ictimai yayım anlayışı tezliklə sıradan çıxacaq"

Toplantıda daha sonra Avropa məkanında  jurnalistlərin təhlükəsizliyi və əmək şəraitləri  müzakirəyə çıxarılıb. AFJ prezidenti bildirib ki, əmək şərtləri və təhlükəsizlik baxımından da  Avropa məkanında  durum pisləşməkdə davam edir. Əksər ölkələrdə  media,  əmək, təhlükəsizlik sahəsində qəbul edilən  qanunvericiliklərə media azadlığının məhdudlaşdırılmasına yönələn maddələr daxil edilir. Moqan Bliçer çıxışında xüsusi vurğulayıb ki, son illərdə  "əmək qanunlarına və media yayımını tənzimləyən qanunlara   edilən dəyişikliklər KİV qurumları sahiblərinə jurnalist kollektivləri üzərində daha artıq səlahiyyətlər verir ki, bu da jurnalistləri peşə standartlarından daha çox, sahibkarların istəklərinə uyğun davranışa sövq edir".  O, Avropa məkanında "kollektiv sövdələşmələr" mövzusuna yenidən qayıdışın, jurnalist hüquqları mövzusunun aktuallaşdırılmasının  zəruri olduğunu önə çəkib. Bu sırada  xüsusi olaraq Balkan ölkələrində media və əmək qanunvericiliyinə  edilən neqativ dəyişikliklər medianın maliyyə sıxıntılarının artması, jurnalistlərin sosial durumlarının pisləşməsi kimi proseslərə yol açıb, bu tendensiya getdikcə genişlənir və digər ölkələrə də yayılır. Toplantı adından media və əmək qanunvericiliyinə edilən neqativ dəyişikliklərin aradan qaldırılmasına çağırış ifadə edilib.