Zaqatalada zəlzələdən sonra 2 minə yaxın sakin evindəki çatlara görə müraciət edib


Digərləri 08 İyn 2018 08:17:00 305 0

Zaqatalada zəlzələdən sonra 2 minə yaxın sakin evindəki çatlara görə müraciət edib

Zaqatalada iyunun 5-də baş vermiş zəlzələdən sonra 2 minə yaxın sakin evində yaranan çatlara görə rayon İcra Hakimiyyətinə müraciət edib.

Son.az bildirir ki, bunu Trend-ə Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov deyib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində evlərin dağılması halları olmasa da, onlarda çatların yaranması, mövcud çatların isə genişlənməsi halları müşahidə edilib.

Komissiya sədri qeyd edib ki, hazırda Fövqəladə Hallar Nazirliyinin müvafiq komissiyaları 3 istiqamət üzrə zəlzələnin ziyan vurduğu ərazilərdə iş aparır: "Onlar hansı evlər və sosial obyektlərin zəlzələdən zərər çəkdiyini müəyyən edirlər. Komissiyalar onların qəzalılıq səviyyəsini müəyyən edib nəticələrini Fövqəladə Hallar Komissiyasına təqdim edəcəklər. Bizə müraciət etmiş bütün sakinlərin evlərinə baxış keçiriləcək".

T.Əhmədov bildirib ki, Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə dövlət komissiyalarının üzvləri ötən gün sosial obyektlərə baxış keçiriblər, bu gün isə fərdi evlərə baxış keçiriləcək.