İtaliyada azərbaycanlı faciəsi ətrafında müəmma


Digərləri 07 İyn 2018 22:44:00 271 0

İtaliyada azərbaycanlı faciəsi ətrafında müəmma

Verilən məlumata görə, göl vulkanik olduğu üçün dibinin müəyyən edilməsində müəyyən çətinliklər var

Bir neçə gün öncə İtaliyada göldə boğularaq ölən azərbaycanlı tələbə Elnur Babayevin cəsədi hələ də tapılmayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, E.Babayevin qohumu Zülfiyyə Abdullayevanın verdiyi məlumata görə, dünən KİV-də Elnurun cəsədinin tapılması ilə bağlı yayılmış xəbərlər həqiqəti əks etdirmir.

Z.Abdullayeva axtarış işlərinin davam etdirildiyini bildirib: "Elnur çayda dostu ilə birlikdə olub. Bir italyan qadın onları görüb və yardım edib. Elnurun dostunu çıxarıblar. Dostu Elnuru da çıxarmağa çalışıb, ancaq əlindən sürüşüb. Həmin gündən Elnurun nə ölüsündən, nə dirisindən xəbər ala bilmirik".

Abdullayeva onu da qeyd edib ki, cəsədin tapılması ilə bağlı yayılmış məlumatlar ailəyə çox pis təsir edib: "Dünən müxtəlif saytlarda Elnurun cəsədinin tapıldığı qeyd edilib. Kənd yeridir, 250 nəfərə yaxın adam başsağlığına gəlib, amma Elnurun özü yoxdur hələ. Bizim dilimiz gəlmir ki, "Elnur ölüb" deyək".

Qohumunun sözlərinə görə, Elnur Azərbaycanda universitet bitirdikdən sonra ABŞ-da təhsil alıb. İtaliyada isə magistratura təhsili alırmış.

"İki bacının tək qardaşıdır. Hər zaman valideynləri çalışıb ki, Elnur öz seçimlərində azad olsun. Hazırda atası İtaliyadadır. Dünən də 100-dən çox tələbə gölün ətrafında etiraz aksiyası keçirib. Nümayəndəliyə də məlumat verilib. Ancaq təəssüf ki, Elnurun bir parçası olsa belə, bu günə qədər tapılmayıb", - deyə Z.Abdullayeva bildirib.

Z.Abdullayeva KİV nümayəndələrinə müraciət edərək xahiş edib ki, Elnur Babayev haqqında dəqiqləşdirilməmiş məlumat yazmasınlar: "Ailə çox həssasdır. Xahiş edirik ki, dəqiqləşdirilməmiş bir cümlə belə yazılmasın. Bizim qulağımız səsdədir və hər xəbər bizim üçün önəmlidir".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, iyunun 2-də Azərbaycanın İtaliyadakı səfirliyinə Azərbaycan vətəndaşı Elnur Babayevin göldə boğulmaslı barədə məlumat verilib.

"Hadisə yerinə dərhal səfirliyin konsulu və İtaliya polisi gedib. Müvafiq sənədlər tərtib edilib. Və həmin gündən etibarən İtaliya Hüquq Mühafizə Orqanlarının dalğıcları Elnur Babayevin cəsədinin axtarılması istiqamətində çalışır", - deyə H.Hacıyev qeyd edib.

Nazirliyin sözçüsü əlavə edib ki, İtaliyadan verilən məlumata görə, göl vulkanik olduğu üçün dibinin müəyyən edilməsində müəyyən çətinliklər var: "Axtarışlar barədə Elnur Babayevin atasına məlumat verilib. Və onun İtaliyaya gəlməsi, qarşılanması istiqamətində müəyyən işlər görülüb".

Hacıyevin sözlərinə görə, Elnur Babayev boğulan zaman onun yanında başqa bir Azərbaycan vətəndaşı da olub və hadisənin necə baş verdiyi barədə o da danışıb: "Hazırda Elnur Babayevin nəşinin tapılması istiqamətində Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya polisi tərəfindən görülən işlər davam etdirilir. Konsul da, səfir də hadisə yerində olub".

Xatırladaq ki, Roma Universitetinin Politologiya fakültəsinin tələbəsi olan 29 yaşlı Elnur Babayev iyunun 2-də Kastel Qandolfo şəhərindəki göldə boğulub.