Gün işığına çıxa bilməyən qadınlarımız


Digərləri 07 İyn 2018 15:43:00 226 0

Gün işığına çıxa bilməyən qadınlarımız

Həyat çətindir, məşəqqətlidir, başa düşürəm

Tez-tez metroda, avtobusda bir topa qadın görürəm. Məni bağışlayın, amma durumu dəqiq izah etmək üçün bu ifadəni seçmək məcburiyyətindəyəm. Belə adamlara el arasında "uçana-qaçana macal verməyənlər" deyirlər. Bax bu qadınların metroya, avtobusa minməyini, düşməyini görəndə ancaq və ancaq təəssüf hissi keçirirəm. Çox istəmişəm ki, onlara mədəni şəkildə etiraz edim. Deyim, ay xanım, belə olmaz, bu kobudluqla, bu sürətlə, bu hay-küylə ictimai nəqaliyyata minmək olmaz. Kənardan çox pis görünürsünüz, üstəlik, insanları incidirsiniz. Amma deyə bilməmişəm. Alacağım cavabı, qopacaq hay-küyü təsəvvür edib susmuşam. Ürəyimdə bir az da onların həyat yoldaşlarını qınamışam. Çünki bu qadınların əksəriyyəti çölə-bayıra ayda, ildə bir dəfə, özü də tək yox, nəsil-nəcabəti ilə çıxmaq icazəsi olan xanımlardır.

Bax belə deyim, tutaq ki, mən ömrümdə suşi yeməmişəm. İlk dəfədən onu öz üsuluyla, necə lazımdırsa, elə yeyə bilərəm? Yox. Bax hər şey belədir. İnsan evdən bayıra çıxmırsa, gəzintiyə getmirsə, gedəndə özünü necə aparacağını bilmir. Sizə çox xırda məsələ kimi görünə bilər. Ancaq bunların hamısı özlüyündə böyük mədəniyyətdir. Mədəni insanlar bu cür formalaşır. Hər şey üçün təcrübə lazımdır. Gəzmək üçün, yemək üçün də, işləmək üçün də, sevişmək üçün də. Bütövlükdə yaşamaq üçün təcrübə lazımdır. Necə ki körpə uşağa instinkt xaricində digər şeyləri öyrədirik, onu həyata hazırlayırıq, hazırlamadıqlarımız həyatda yürüməyə çətinlik çəkir. Bax eləcə həyata hazır olmayan qadınlar var. 

Ata evində gün işığına çıxmağa ata-qardaş icazə verməyib, ər evində ər, qayın, qayınata. İndi də o qadın, sanki, qəfəsdən çıxmış quş kimi necə uçacağını bilmir. Hələ mən adi bir misal çəkdim. Hələ onların başının dara düşməyi, yaşadığı həyatın enişi-yoxuşu var...

Məni ən çox üzən bir məqam da odur ki, qadın özünə bu kobudluğu yaraşdırır. İnsan özünə nəyi yaraşdırırsa, insan özünə hansı dəyəri verirsə, ən doğmalarından tutmuş hər kəs ona o dəyəri verir.

. Hər kəsə eyni imkanlar verilməyib, hər kəs eyni şərtlər altında yaşamır, yemir, içmir, gəzmir, bunu da bilirəm. Amma biz də tezcə bizə təqdim olunan həyata razılaşmırıqmı, taleyə, bizi kölə edənlərə boyun əymirikmi? Bizi söyənə biz də söymürükmü? Bir-birimizi alçaltmağı, deyinməyi, dava-dalaşı, söyüşü, qarğışı həyatımızın bir parçasına çevirmirikmi?