Bütün lisey və gimnaziyalara şagird qəbulu vahid meyarlar əsasında olacaq


Digərləri 07 İyn 2018 13:40:00 289 0

Bütün lisey və gimnaziyalara şagird qəbulu vahid meyarlar əsasında olacaq

Təhsil Nazirliyinin sistemindəki liseylər və gimnaziyaların 1-ci sinfinə şagird qəbulu vahid meyarlar əsasında həyata keçiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, Təhsil Nazirliyinin təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev deyib ki, bu məqsədlə bütün lisey və gimnaziyaların 1-ci sinfinə şagird qəbulunun vahid metodoliyası hazırlanır: "Təhsil Nazirliyinin sistemindəki liseylərin 1-ci sinfinə şagird qəbulu üçün hələ 2 il əvvəldən mərkəzləşdirilmiş qaydada qəbulun aparılmasına başlanılıb. Ötən ildən başlayaraq, liseyin yerləşdiyi ərazidə yaşayan uşaqlar liseylərə müsabiqəsiz qəbul olunurlar. Bu sistem bu il də tətbiq olunur. Biz növbəti addım olaraq, bütün lisey və gimnaziyaların 1-ci sinfinə qəbulun vahid metodologiyasını hazırlayırıq".

E.Əmrullayev bildirib ki, hazırda lisey və gimnaziyalara seçim meyarları fərqlidir: "Hazırda liseylər üçün müxtəlif seçim meyarları var. Biz onları bir-birlərinə uyğunlaşdıraraq vahid meyarlar tətbiq etmək istəyirik. Liseylərin bəzilərinə qəbul üçün 30, bəzilərinə 50 və s. qədər balın toplanılması lazım olur. Bundan başqa, bəzi liseylər müsabiqəni 2 və ya 3 mərhələli təşkil edirlər. Lakin biz çalışırıq ki, seçim meyarları vahid formada olsun. Məqsədimiz odur ki, bütün liseylərə şagirdlərin qəbulu eyni meyarlarla olsun".