Tovuzda strateji əhəmiyyətli yollar yenidən qurulur (FOTO/VİDEO)


Digərləri 07 İyn 2018 11:51:44 246 0

Tovuzda strateji əhəmiyyətli yollar yenidən qurulur (FOTO/VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılır.

Bakı. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılır. Agentlikdən Trend-ə verilən məlumata görə, söhbət Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir. Sözügedən istiqamət üzrə avtomobil yolları uzun müddət əsaslı təmir olunmadığından hərəkət hissəsində çalalar və qabarmalar əmələ gəlib. Bu səbəbdən yolun yenidən qurulmasına zərurət yaranıb. Yolun 18 km uzunluğa malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı hissəsində yolun eni ərazilərdən asılı olaraq 4-6 metr arası dəyişir. Hazırda sözügedən hissə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV və V texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq torpaq yatağının normativ eninin alınması üçün genişləndirilir, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılır və kipləşdirilir, yeni yol yatağı inşa olunur. Bu işlər 60 min kub.m-dən çox həcmdə icra olunur. Bundan başqa, suötürücü borular və küvetlər olmadığı üçün yol yatağı və yol əsası sel suları nəticəsində yuyulduğundan yol boyu avtoqreyderlə 26 min p.metr küvetlərin açılması və müxtəlif diametrdə 21 ədəd 228 p.metr uzunluğunda suötrücü dəmir-beton boruların quraşdırılması və izolasiyası, boru başlıqlarının dəmir betonla tikintisi işləri də aparılır. Daha sonra texnoloji ardıcıllığa uyğun olaraq yol əsasının tikintisi işləri aparılacaq. Yol əsasının alt layının tikintisi 20 sm hündürlükdə qum-çınqıl, üst layının tikintisi isə 16 sm hündürlükdə optimal qırmadaş qarışığı ilə aparılacaq. Yol əsasının tikintisi 182 min kv.m sahəni əhatə edəcək. Bunun ardınca isə yolun asfaltlanması işlərinə start veriləcək. Əlaqələndirici bitum səpilməklə 100 min kv.metrdən çox sahəyə 12 sm qalınlıqda 2 laydan ibarət iri və xırda dənəli olmaqla asfalt-beton örtüyü döşənəcək. Anoloji işlər Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarında da aparılır. Burda yolların ümumi uzunluğu 15 km təşkil edir. Sözügedən yolların dağlıq ərazidən keçən hissələrində eni 3-4, digər hissələrində 4-5 metr arası dəyişir.