Lizinq adı altında kredit alıbsınızsa...


Digərləri 06 İyn 2018 11:55:00 335 0

Lizinq adı altında kredit alıbsınızsa...

Lizinqin kredit və digər maliyyələşmə növlərindən fərqli cəhətləri nədir?

Son.az tanınmış vəkil Rövşən Əhmədovun yazısını təqdim edir.

Günümüzdə lizinq adı altında faktiki olaraq kredit münasibətləri əsasında maliyyələşmə əməliyyatları aparan sahibkarlıq fəaliyyəti subyektlərinə rast gəlmək mümkündür. Belə kommersiya qurumları, əsasən, hansısa avadanlıq, texnika, avtomobil və s. kimi mal satışı ilə məşğul olan ticarət obyektlərinə malikdilər ki, onlar aylıq hissəvi ödəniş əsasında faktiki olaraq satdığı malın ödənilməyən qalıq hissəsinə münasibətdə aylıq divident (faiz, mükafat və s.) əldə edirlər.

Əvvəllər buna bənzər maliyyələşmə əməliyyatları kredit şərtləri əsasında və yalnız banklar tərəfindən həyata keçirilirdisə, indi belə münasibətlər, əsasən, "malliyyə lizinqi" adı altında, lakin faktiki olaraq "kredit", "borc", "nisyə alqı-satqı" münasibətlərinin elementlərinə söykənən şərtlər daxilində, istənilən sahibkarlıq fəaliyyəti subyekti tərəfindən həyata keçirilə bilər.

Çünki kredit şərtləri əsasında maliyyələşməni bank realizə edə bilər. Bankın təsis edilməsi və fəaliyyət göstərməsi, bu barədə xüsusi razılıq (lisenziya) və kifayət qədər böyük məbləğdə pul vəsaiti (50 milyon manat) tələb edən məcburi kapitalın mövcud olduğu təqdirdə baş tuta bilər. Lakin bank fəaliyyətindən fərqli olaraq, lizinq fəaliyyəti xüsusi razılıq (lisenziya) tələb etməyən fəaliyyət növüdür.

Bundan yararlanaraq bəzi kommersiya qurumları 10 manat nizamnamə kapitalı olmalarına rəğmən, böyük məbləğdə borc pul verməklə və ya maliyyə lizinqi adı altında faktiki kreditləşmə əməliyyatı aparmaqla dövriyyəyə buraxdıqları pul vəsaitləri hesabına mənfəət əldə edirlər.

Bəs Lizinq nədir? Onu kreditdən fərqləndirən əsas cəhət nədir?

Lizinq inglilis mənşəli "to lease" sozundən götürülüb mənası "İcarə" dəməkdir.

Əmlakı lizinq şərtləri ilə sahibliyinə və istifadəsinə götürən şəxs bilməlidir ki, onun lizinq verənə ödədiyi aylıq pul vəsaiti (lizinq ödənişi), lizinq obyektindən istifadəyə görə icarə haqqıdır.

Lizinqin isə, icarədən əsas fərqi odur ki, lizinq müqaviləsi üzrə müqavilə müddəti başa çatdıqdan və aylar üzrə son icarə haqqının ödənilməsi icra olunduqdan sonra lizinqə (icarəyə) götürülmüş obyekt üzərində mülkiyyət hüququ yeni mülkiyyətçiyə (lizinq alana) keçir.

Sadə dildə desək, hər hansı bir əmlakı satın almaq üçün pulu olmayan sadə vətəndaş (lizinq alan), həmin əmlakın satıcıdan alınması və ona lizinqə (icarəyə) verilməsi üçün lizinq təşkilatına (lizinq verənə) müraciət edir. Bu zaman lizinq təşkilatı əmlakı satıcıdan alqı-satqı yolu ilə alaraq öz mülkiyyətinə keçirdir və mülkiyyətində olan həmin əmlakı lizinq alanın istifadəsinə (lizinqə) verir.

Göründüyü kimi, hüquqi mahiyyətinə görə lizinq münasibətlərində 3 tərəf (lizinq alan, lizinq verən və satıcı) iştirak edir. Bütün bu hallar (malın nə üçün, hansı məqsədlərlə alınması və s..) lizinq müqaviləsində əks olunmalıdır.