Bakının qaranlıq yolları VİDEO


Digərləri 06 İyn 2018 11:23:00 618 0

Bakının qaranlıq yolları  VİDEO

Paytaxt yollarında gecə saatlarında işığın olmaması sürücülərə çətinlik yaradır.

Son.az xəbər verir ki, report-un çəkiliş qrupunun bir ay ərzində gecə saatlarında Bakının müxtəlif küçə və prospektlərində apardığı müşahidə onu göstərir ki, gecə saat 2-00 dan sonra Babək prospekti, Sülh küçəsi, Xocalı prospekti, Bakı Kənar Dairəvi yolu, Tbilisi prospektinin bir hissəsi, Şərifzadə küçəsi, Abbasqulu Ağa Bakıxanov küçəsi, Hüseyn Cavid prospekti, Balaxanı, Maştağa, Zabrat şossesində işıq dirəklərinin olmasına baxmayaraq, enerji verilişi dayandırılır. Bu isə sözügedən yollarda sürücülərin görmə məsafəsini azaldır. Təsadüfi deyil ki, həmin küçə və prospektlərdə piyada vurulması halları yaşanır. 

Digər problem güclü işıqlandırması olan reklam lövhələrinin həmin qaranlıq küçələrdə sürücülərin gözünün qamaşdırılması ilə bağlıdır. Belə reklam löhvələrinə isə "Razin stansiyası" kimi tanınan ərazidə, Bakıxanov və Xətai prospektlərində rast gəlmək olur. 

Yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Report"a bildirib ki, küçələrin işıqlandırılmaması  problem olaraq qalır: "Bizim qanunvericiliyə əsasən və dünya praktikasına görə, yaşayış ərazilərində, hətta kənd küçələri belə işıqlandırılmalıdır. Yolların təchizati və işıqlandırılması ilə bağlı Nazirlər Kabinetinin qərarı var və o, 2000-ci ildə qəbul olunub. Orada göstərilib ki, elektrik şəbəkəsi olan yollar, küçələr, hətta yaşayış məntəqəsindən kənarda olan yollar sutkanın qaranlıq vaxtları işıqlandırılmalıdır. Əsas səbəb insanların təhlükəsizliyidir. Qaranlıq vaxtı işıqlı yollarda piyadaların vurulma halları minumuma enir. Əsasən qış fəslində sutkanın qaranlıq vaxtı - axşam saat 17-00-dan səhər saat 8-00-dək işıqsız yollarda piyadaların vurulması halları çoxalır".

Güclü işıq olan reklam löhvələri ilə bağlı ekspert deyib ki, "Reklam haqqında" qanunun tələblərinə görə, küçələrdə və yollar ətrafında yerləşən reklamlar yol hərəkəti qaydalarına xələl gətirməməlidir: "Yəni reklam işıqları yol nişanlarına bənzəməməlidir, yol nişanları və işıqforların qarşısını kəsməməlidir, texniki vasitələrin sürücülər tərəfindən qavranılmasına maneçilik törətməməlidir. Əgər reklamda işıqlanma problemi varsa, oarda sürücülər üçün iki istiqamətdə təhlükə var. Birincisi odur ki, həmin işıqlar sürücülərin gözlərinə düşərək onların yol hərəkətinə nəzarəti çətinləşdirir, göz qamaşdırır.