Vəkillərin sayı 1202 nəfərə çatdı


Digərləri 06 İyn 2018 10:53:02 279 0

Vəkillərin sayı 1202 nəfərə çatdı

Bu gün Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə "Vəkilliyin elektron məhkəmə informasiya sisteminə inteqrasiyası" mövzusunda tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, VK-nın sədri Anar Bağırov tədbirdə açılış nitqi ilə çıxış edərək qeyd edib ki, hüquqi dövlətdə vəkillik təsisatının rolunun ölkəmizdə məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində görülən işlər baxımından böyük əhəmiyyəti var.

Prezidentin 22 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamı ilə Vəkillər Kollegiyasının və vəkillərin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini və hüquqi xidmətlərin elektron formada göstərilməsi təcrübəsini genişləndirmək üçün vəkilliyin vahid elektron informasiya sisteminin təşkili və bu sistemin "Elektron məhkəmə" informasiya sisteminə inteqrasiyası istiqamətində tədbirlər görülməsi VK-na tövsiyə olunub. Bu istiqamətdə aparılan tədbirlər çərçivəsində cari ilin yanvar ayından etibarən VK-nın vəkillərin və vətəndaşların bütün tələblərinə və maraqlarına cavab verən rəsmi veb-saytı hazırlanıb və istifadəyə verilib. Saytda vəkillərlə mütəmadi və operativ əlaqənin təmin olunması üçün şəxsi kabinetlər yaradılıb, bu kabinetlər vasitəsilə vəkillərin Rəyasət Heyəti ilə zəruri məlumat mübadiləsi sürətləndirilib.

Daha sonra, Ədliyyə Nazirliyinin Elektron Məhkəmə İnformasiya Sistemi İşçi Qrupunun rəhbəri Ramin Qurbanov "E-məhkəmə" informasiya sistemi" mövzusunda çıxış edib, elektron məhkəmə sisteminin səmərəliliyi və üstünlükləri, o cümlədən vəkillər üçün əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verib.

Tədbirdə həmçinin, VK Rəyasət Heyəti Aparatının əməkdaşı Sənan Şirinov tərəfindən rəsmi veb-səhifədə yaradılan "vəkil kabineti" təqdim edilib, ondan istifadə qaydaları, üstünlükləri və gətirdiyi yeniliklər barədə ətraflı məlumat verilib.

Həmçinin ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 89 nəfər vəkilliyə namizədin təntənəli andiçmə mərasimi keçirilib.