Bilik Fondu Cocuq Mərcanlı sakinlərinin qonağı olub (FOTO)


Digərləri 05 İyn 2018 19:11:00 228 0

Bilik Fondu Cocuq Mərcanlı sakinlərinin qonağı olub (FOTO)

Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Bakı. Prezident yanında Bilik Fondunun əməkdaşları və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki Azərbaycan Dövlət Pedaqoji Kollecində Fondun dəstəyi ilə fəaliyyət göstərən “Mizan” Tələbə Dram Dərnəyinin üzvləri Cocuq Mərcanlı sakinlərinin qonağı olublar. Fonddan Trend-ə verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Horadiz şəhərində aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, gənclərə aprel döyüşlərinin gedişatı, Azərbaycan Ordusunun möhtəşəm qələbəsi, Lələtəpə yüksəkliyinin strateji əhəmiyyəti haqqında ətraflı məlumat verilib. Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Cocuq Mərcanlı klub-icma Mərkəzində görkəmli alim, yazıçı və pedaqoq, XX əsr Azərbaycan elmi, ədəbiyyatı və təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəridə İbayeva maarifləndirici layihələrin əhəmiyyətini bildirərək, Bilik Fondunun Cocuq Mərcanlıya artıq bir neçə dəfə səfər etdiyini vurğulayıb. Tədbirin mahiyyətindən bəhs edən F.İbayeva XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal Paşayevin çağdaş Azərbaycan tarixində ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutduğunu deyib. “Mizan” Tələbə Dram Dərnəyinin işini alqışlayan Kollecin direktor müavini Nigar Şirəliyeva bildirib ki, bu gün Mir Cəlal Paşayevin təkcə elmi və ədəbi irsi tədqiq edilmir, həm də onun şəxsi keyfiyyətləri, pedaqoji fəaliyyəti əsl örnək kimi öyrənilir. Bilik Fondunun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Fondun maarifləndirici layihələrindən söz açıb, tələbələrin Mir Cəlal yaradıcılığına müraciət etməsini yüksək dəyərləndirib.