Astarada 11 km-lik avtomobil yolu inşa edilir (FOTO/VİDEO)


Digərləri 05 İyn 2018 16:43:54 277 0

Astarada 11 km-lik avtomobil yolu inşa edilir (FOTO/VİDEO)

Astara rayonunda uzunluğu 11 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur.

Bakı. Astara rayonunda uzunluğu 11 km olan avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, bu yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yoludur. Astara rayonu Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd avtomobil yolunun 2 km-lik hissəsi 5 metr enində dağılmış qara örtük, 6.5 km-lik hissəsi 3-4 metr enində çınqıl, qalan 2.5 km-lik hissəsi isə cəmi 3 metr enə malik torpaq örtüklüdür. Payız-qış mövsümündə sözügedən avtomobil yolu ilə vətəndaşların hərəkətində yaşanan problemləri aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilib. 4 yaşayış məntəqəsinin 9.3 min əhalisinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 226-cı km-nə çıxışına imkan yaradan yerli əhəmiyyətli Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd avtomobil yolu hazırda IV texniki dərəcəyə uyğun inşa edilir. Hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr və 6 metr enində hərəkət hissə daxil olmaqla yolun torpaq yatağının eni 10 metr təşkil edəcək. Bunun üçün yol boyu 10 min kub.m həcmdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 84 min kv.m sahədə yolun profilə salınması işləri görülüb və yeni yol yatağı inşa olunub. Ardınca yol əsasının alt layının qum-çınqıl qarışığı ilə təqribən 94 min kv.m sahədə tikintisi aparılıb. Hazırda optimal-qırmadaş qarışığından 16 sm qalınlıqda əsasın üst layının inşası işləri görülür.