"Qoca" və Ağaminin qaçmasına görə həbs edilən rəis ekspertiza rəyi ilə tanış oldu


Digərləri 05 İyn 2018 15:58:00 341 0

"Qoca" və Ağaminin qaçmasına görə həbs edilən rəis ekspertiza rəyi ilə tanış oldu

Bakıda iki məhbusun nəzarət altından qaçmasında təqsirləndirilərək həbs edilən Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov istintaq materialları ilə tanış olub.

Son.az xəbər verir ki, bu barədə Trend-ə C.Səmədovun vəkili Vilayət Nadirov məlumat verib.

Vəkil bildirib ki, o bu gün 1 saylı Bakı İstintaq təcridxanasında C.Səmədovla görüşüb: "Saxlanma şəraiti və səhhəti normaldır. Boynunda şiş əmələ gəlmişdi, həmin şiş müalicə olunub və çəkilib. Səhhətində problem yoxdur. Görüşün məqsədi işi aparan müstəntiqin istintaq hərəkətləri keçirməsi idi. Görüş zamanı Ceyhun Səmədov cinayət işi ilə bağlı bir ekspertiza rəyi ilə tanış oldu".

O deyib ki, hələlik istintaq davam edir və yaxın vaxtlarda yekunlaşması gözlənilmir".

Qeyd edək ki, 23 oktyabr 2017-ci il tarixdə Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərdə təqsirləndirilməklə həbs edilmiş Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda qeyd olunub ki, bununla əlaqədar Ədliyyə Nazirliyi tərəfindən dərhal Əməliyyat Qərargahı yaradılaraq həbsdən qaçmış şəxslərin digər hüquq-mühafizə orqanları ilə əlaqəli surətdə axtarışı və yaxalanması üzrə bütün zəruri tədbirlər görülüb. Hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.