Artıq AZALın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür


Digərləri 05 İyn 2018 15:40:00 406 0

Artıq AZALın saytında Naxçıvana onlayn aviabilet almaq mümkündür

5 iyun 2018-ci il, Bakı - Bu gündən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində 2018-ci il 20 iyun tarixindən uçan reyslərə aviabiletləri onlayn əldə etmək mümkündür.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən, bu istiqamətdə aviabiletin alınması üçün əvvəllər aviaşirkətinin rəsmi kassalarında sərnişinin şəxsiyyət vəsiqəsinin əsli və ya pasportu təqdim olunmalı idi. İdarələrarası razılaşmalara əsasən, bu məsələ artıq öz uğurlu həllini tapdı.

Xatırladaq ki, respublika daxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletin qiyməti Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün 50 manat, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

www.azal.az saytında həmin istiqamətə aviabiletin alınması prosesində sərnişinin vətəndaşlığını qeyd etməsi üçün əlavə xana əks olunacaq.

Aviabiletlər yalnız ekonom sinif tarifi üzrə təqdim olunur. Aviabiletin qiymətinə 23 kq-dək baqajın və 10 kq-dək əl yükünün (55х40х23 sm-dək ölçülərdə) pulsuz daşınması daxildir. Bu qaydalar həm onlayn, həm də aviakassalarda alınan aviabiletlərə şamil olunur.