Şəmkirdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans keçirilib


Digərləri 04 İyn 2018 19:24:08 296 0

Şəmkirdə Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans keçirilib

Şəmkirdə Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans keçirilib.

Bakı. Şəmkirdə Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı konfrans keçirilib. Bilik Fondundan Trend-ə verilən məlumata görə, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov və onun rəhbərlik etdiyi nümayəndə heyəti konfransa qatılıb. Qonaqlar arasında Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orxan İşıq, millət vəkili Sona Əliyeva, Yeni Azərbaycan Partiyasının ətraf rayon təşkilatlarının sədrləri, Bilik Fondunun nümayəndəsi, rayonun dövlət idarələri rəhbərləri, müəllimlər, tələbələr də olub. Konfransı Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Alimpaşa Məmmədov açaraq deyib ki, Azərbaycan tarixini yazan baş tarixçimiz akademik Yaqub Mahmudovu aramızda görməkdən çox məmnundur. Tarix İnstitutunun təmsilçilərinin Mərkəzin foyesində təşkil etdikləri Cümhuriyyətə həsr olunan sərgidən danışan İcra baçşısı həmin sərginin tədbirdən əvvəl ziyarət olunduğunu xatırladıb: "Sanki o dövrə düşmüşdük, görmədiyimiz hadisələri canımızda və ruhumuzda yaşadıq. Cümhuriyyət tarixi qürurumuzdur. Prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan etməklə və o şanlı tarixin 100 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalamaqla bizləri kökümüzə bir daha qaytardı, kimliyimizi daha dərindən öyrənməyə şərait yaratdı. Bizlər ö dövrə görkəmli tarixçilərimizın bilik çırağı ilə səyahət etdik və fəxarət hissi yaşadıq. Hamı öz çıxış vaxtından kəsib hörmətli akademikimizə versə, daha çox öyrənərik, sovetlər zamanında yazılması yasaq olan faktları dinləyərik. Qoy gənclərimiz bu dövlətin qurbanlar bahasına yarandığını bilib, onu göz bəbəkləri kimi qorusunlar". Cümhuriyyət tariximizi 3 mərhələdə izah edən Y.Mahmudov əvvəl müstəqilliyi yaradan tarixi şəraitdən söz açdı, sonra nəhəng azərbaycanlı mütəfəkkirlərin siyasi gedişlərindən, qərarvermə bacarıqlarından, inamla göstərdikləri fəaliyyətlərindən, müstəqilliyin süqutunun səbəblərindən danışıb. Üçüncü mərhələdə tarixdən ibrət götürməyin, dostu düşməndən ayırmağın, o dövrdə yol verilən səhvləri təkrarlamamağın vacibliyini önə çəkib. Akademik iştirakçılara tövsiyələr də ünvanladı: "Cümhuriyyət qurucularını bir-birindən ayırmaq, onları üz-üzə qoymaq, kimsəni yaxşı, kimsəni pis qələmə vermək qəti olmaz. Cümhuriyyət siyasətçiləri şərəfli missiyanı öz üzərlərinə götürəndə şəxsi mənafelərini bir kənara qoydular. Onlar bu yolun məşəqqətli olacağını bilirdilər. Ucaltdıqları bayrağın bir daha enməyəcəyinə olan inamları onları qəhrəmana çevirdi. Bəli, ulu öndər Heydər Əliyev müstəqillik bayrağımızı enməyə qoymadı. Prezident İlham Əliyev isə o bayrağı lap ucalara qaldırdı, Aprel döyüşləri nəticəsində işğaldan azad olan ərazilərimizdəki yüksəkliklərə sancdı. İndiki nəslin borcu Vətəni, dövləti, bayrağı qorumaqdır". Konfransda millət vəkili Sona Əliyeva Cümhuriyyət qurucularını əsl türk kişisinə xas olan qürur sahibləri kimi xarakterizə edib. Məhz bu keyfiyyətləri ilə Şərqdə ilk demokratik respublika qura bildiklərini diqqətə çardırıb. Türkiyənin Gəncədəki baş konsulu Orxan İşıq Azərbaycanın Cümhuriyyət modelinin, xüsusən Türkiyə üçün nümunə olduğunu deyib. İki ölkənin qardaşlıq münasibətindən danışan baş konsul Nuru Paşanın rəhbərliyi altında Bakının erməni daşnaklarından təmizləndiyini bildirib. Bu prosesdə türk komandanına Azərbaycanın yeni yaranan ordusu da kömək edib. Təsadüfi deyil ki, Nuru Paşanın Batum həbsxanasından qurtulmasına azərbaycanlı qardaşları yardımçı olub.