Kaş ki, o fürsəti heç kimə qazandırmayaq


Digərləri 02 İyn 2018 11:14:00 272 0

Kaş ki, o fürsəti heç kimə qazandırmayaq

Son.az-da dərc olunmuş  "Erməni Marietta necə İlhamə oldu?" yazısını oxudum. Yazıda erməni Mariettanın "talış" obrazına girib separatizm, terrora çağırışla məşğul olmasından danışılır. Hadisə təəssüfləndirir. Ona görə yox ki, erməni qadın separatizmlə məşğuldur. Separatizm, bölücülük, nifaqsalma təbiətin bütün ermənilərə limitsiz verdiyi xüsusiyyətdir. Pisi odur ki, indiyədək hansısa talış ziyalı İlhamənin Marietta olduğunu dilə gətirməyib, ona millətinin adından danışmağı qadağan etməyib. Bəlkə də dediyim olardı. O zaman olardı ki, onların özlərinə aid media qurumu olsun. 

Xaçmaz rayonunun Dədəli adlı bir kəndi var. Bu kəndin sakinləri daha çox ləzgilərdən ibarətdir. Kəndin sakinlərinin maraqlı xüsusiyyətləri var. Demək, dədəlilər hələ də kənddə soğan, turp əkmir. Onlar düşünürlər ki, soğan və turpun əkildiyi torpaqda bərəkət olmaz. Əkmədikləri məhsulları başqa kənddən alıb istifadə edirlər. 

Yaxud da Qusar ləzgiləri hələ də ortasında deşik açılmış sapandı qapının yuxarısından asırlar. Bu isə zəhmətlə hər işə nail ola bilməyin simvoludur. Məsələ turpda, sapandda deyil. Bu qədər primitiv adətlərin qorunduğu ölkədə dözümsüzlükdən söhbət gedə bilməz.

Belə özünəməxsusluq saysız-hesabsızdır. Azərbaycanda yaşayan müxtəlif mənşəli etnik qrupların adətlərini qoruyub yaşatması normal hadisədir. Buna görə "çox sağ ol" gözləməməliyik. Çünki bizim qoşulduğumuz beynəlxalq aktlar bunu bizdən tələb edir. Ümumilikdə isə biz o qanunlardan əvvəl öz həyat qanunlarını, fəlsəfəsini müəyyənləşdirmiş coğrafiyada yaşayırıq. O qanunlar yazılmış olmasaydı, dünya hüquqi baxımdan hazırkı mövqeyinə gəlməsəydi də, biz eyni coğrafiyanı paylaşdığımız bütün millət və xalqlarla həmişə ortaq dil tapmışıq. 

Terrorun, separatizmin dili, dini, milliyəti yoxdur. İnsan yediyi qaba tüpürəndirsə, şərəfsizdirsə, bu, həmişə genetik xüsusiyyətlərlə bağlı olmur. "Şəxs" başqalarının təsirinə də düşə bilir. Formalaşmamış xarakterlər, şəxsiyyətlər düşdükləri təsirin nəticəsində onu böyüdən torpağa naxələf çıxa bilir. Təəssüf ki, heç bir qanunda şərəfsizliyin cəzası üçün xüsusi maddə nəzərdə tutulmayıb. Odur ki, şəxsin alçaqlığını onun milliyətinin ayağına yazmaq olmaz. Heç kimə də sirr deyil ki, böyük güclərin oyuncağına çox vaxt azlıqlar deyil, özünü azlıqda hiss edənlər düşür. Kaş ki, o fürsəti heç kimə qazandırmayaq.

Milli azlıqların hüququnun qorunması üçün xüsusi təminat tələb olunur. Azərbaycan Respublikasında belə təminat dövlət səviyyəsində verilib. Respublikanın 1995-ci ilin 12 noyabrında qəbul etdiyi əsas sənəd (konstitusiya) və digər hüquqi aktlar buna misal ola bilər. Konstitusiyanın 5-ci maddəsində göstərilir ki, Azərbaycan xalqının vəhdəti onun dövlətinin əsasını təşkil edir. Azərbaycan Respublikasında yaşayan bütün vətəndaşlar üçün bu respublika ümumi və ayrılmaz bir vətəndir. Yenə də həmin sənədin 25-ci və 45-ci maddələrində milli azlıqların hüquqları nəzərdə tutulur.