Pekində AZƏRTAC və Sinxuanın rəhbərləri görüşdü FOTO


Digərləri 31 May 2018 15:53:00 343 0

Pekində AZƏRTAC və Sinxuanın rəhbərləri görüşdü  FOTO

Azərbaycanın və Çinin milli xəbər agentlikləri olan AZƏRTAC və Sinxua arasında dinamik inkişaf edən əlaqələr iyunun 1-də imzalanacaq əməkdaşlıq Sazişi ilə daha da genişlənəcək və yeni mərhələyə qədəm qoyacaq.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir mayın 31-də Pekində Sinxuanın baş ofisində AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanovun bu agentliyin prezidenti Çay Mincao ilə görüşündə səslənib.

Azərbaycan və Çin arasında əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Aslan Aslanov dövlət rəhbərlərinin bütün sahələrdə qarşılıqlı əməkdaşlığa böyük önəm verdiklərini bildirib. "AZƏRTAC və Sinxuanı uzun illərdir sıx tərəfdaşlıq münasibətləri bağlayır və iyunun 1-də Şanxay Əməkdaşlıq Təşkilatının birinci media forumunda iki agentlik arasında imzalanacaq Saziş əlaqələrimizin daha da genişlənməsinə mühüm töhfə olacaq", - deyə Aslan Aslanov vurğulayıb.

Məlumat verilib ki, AZƏRTAC-da Çin dilində informasiya redaksiyası fəaliyyət göstərir. Bakıda Konfutsi İnstitutu ilə birgə agentliyin jurnalistləri üçün Çin dili kursları keçirilir. İndiyədək 50-dən artıq əməkdaş bu təlimlərdə iştirak edib. Qeyd olunub ki, ötən müddətdə iki agentlik bir sıra müştərək layihələr həyata keçirib. Bakıda Sinxua ilə birgə fotosərgi təşkil olunub, Pekində AZƏRTAC-ın saytının Çin dilində versiyasının təqdimatı keçirilib.

Görüşdə hər iki agentliyin həm ikitərəfli müstəvidə, həm də beynəlxalq media qurumları çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) sədrlik edən AZƏRTAC ilə OANA-nın büro üzvü olan Sinxuanın bu təşkilatın çərçivəsində əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.


Xəbərə aid fotolar