Həzrət Xədicənin (s.ə) misilsiz məqamı


Digərləri 29 May 2018 22:20:00 319 0

Həzrət Xədicənin (s.ə) misilsiz məqamı

Həzrət Xədicə (s.ə) Hicazın məhşur ticarətçilərindən saylırdı. O, ərəblərin ilk xanım taciri olmuşdur. Həzrət Peyğəmbərlə (s) ailə qurmamışdan qabaq da ərəblər arasında tanınmış və ehtiram qoyulan bir şəxsiyyət idi.

Həzrət Xədicə (s.ə) ilk ticarətlə  məşğul olan qadın kimi tanınan zaman, Həzrət Muhəmmədin (s) insanlar arasında gözəl məşhurluğu var idi. O dövrdə insanlar Həzrət Muhəmmədi (s) əmanətdar, düz danışan, pak bir insan kimi tanıyırdılar. Onu Muhəmməd Əmin adlandırırdılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, onun sorağı Həzrət Xədicəyə (s.ə) də çatmışdı və Həzrət Əbu Talibin vasitəçiliyi ilə öz karvanının rəhbərliyini Həzrətə (s) tapşırır. Həzrət Muhəmməd (s) dəfələrlə Həzrət Xədicənin (s.ə) karvanına rəhbərlik etmişdi. Öz məntiqli düşüncəsi və düzgün ticarəti ilə Xanıma çoxlu mənfəət qazandırmışdı. Həzrət Muhəmməd (s) əmanətdarlığı, düzlüyü və sədaqəti Xanıma o qədər güclü təsir etmişdi ki, təfəkkür tərzini dəyişmişdi.

Xanım ailə qursa da, həyat yoldaşı dünyasını dəyişmişdi. O gündən sonra Xanım bütün işləri öz üzərinə götürür və heç kimdən asılı olmayaraq yaşayır. Sərvətinin ixtiyarını heç kimin əlinə vermir. Bəlkə də heç kimi özünə layiq bilməmişdi. Amma Həzrət Muhəmmədin (s) ruhunun əzəməti onu o qədər təsirləndirir ki, öz müstəqilliyini kənara qoyur və qərara alır ki, həyatının qalan hissəsini Həzrətlə (s) bir ailədə keçirtsin.

Bir gün Xanım Həzrətə (s) müraciətlə deyir: "Ey Muhəmməd! Mən səni şərəfli, əmanətdar, sadiq, pak bir insan kimi tanımışam. Özünü pak saxlamısan və ən kiçik çirkinlik belə ətəyinə yapışmamışdır. Sən xoş əxlaq, əmin, düz danışan, düz söz danımaqdan heç vaxt qorxmayan bir insansan. İnsanlığını heç bir şeyin qarşısında əldən vermirsən. Bu insanı xüsusiyyətin məni o qədər cəlb etmişdir ki, səninlə ailə qurmağı təklif etmək istəyirəm. Əgər mənim bu təklifimə razısansa, hər zaman toy mərasimi təşkil edə bilərəm".

Beləliklə, Həzrət Xədicə (s.ə) ərəblərin adət-ənənələrinin əksinə olaraq, ilk xanım idi ki, bir kişiyə evlənmək təklifi etmişdi. Bəs nə baş verdi ki, ərəblərin əşrəflərindən sayılan bu qadın bütün adətlərə qarşı çıxaraq, bu addımı atdı?

Bu sualın cavabı ancaq bir nöqtədə  gizlənmişdir. Bu da odur ki, belə bir görkəmli şəxsiyyətə və etibara malik olan bir xanım, Həzrət Peyğəmbərin (s) mübarək varlığında nur saçan ali insani dəyərləri və fəzilətləri görmüşdü. Bunda təəccüblənməli bir şey yox idi.

Bəli, bu, Xanım Xədicə (s.ə) idi. Bu xanım, Həzrətin (s) bütün insani xüsusiyyətlərinin qarşısında dövrünün adət-ənənələrini üstələyir.

Dəfələrlə Xanımın qapısına Qureyşin əşrəfləri elçi göndərmişdilər, ancaq xanım razı olmamışdır. İndi özü ailə qurması üçün evlilik təklifi edirdi. Həzrət Xədicə (s.ə) bu yolla elçilik adətlərini də etinasızlığa qoymuşdur. Hətta mehriyyə məsələsində də elə bir iş gördü ki, hamını təəccübləndirdi. Mehriyyə adətən kişi tərəfindən olduğu halda, Xanım öz tərəfindən 4 min dinarı Həzrətə (s) hədiyyə olaraq verir.

Həzrət Xədicə (s.ə) bu alicənab rəftarı ilə tövazökarlığını və şəxsiyyətinin əzəmətini bir daha nümayiş etdirir. Bəli, xanım elə bir həyat yoldaşı istəyirdi ki, zəmanəsinin bütün kişlərindən mənəviyyat və fəzilət cəhətdən ən üstünü olsun. Həzrət Muhəmməddən (s) başqa heç kim bu sadalanan sifətlərə malik deyildi.