Aqrar sektorun dinamik inkişafına rəvac verən əsas amillər


Digərləri 29 May 2018 17:18:00 242 0

Aqrar sektorun dinamik inkişafına rəvac verən əsas amillər

İnsanların öz qida ehtiyaclarını torpağı becərməklə qarşılaması bir gerçəklikdir. Bu gerçəklik insanların əkin-biçinlə məşğul olduğu ən qədim zamanlardan bəri müxtəlif formalarda təzahür etsə də, dəyişməz olaraq qalır.

Torpağın kimlər tərəfindən becərilməsi, onun üzərində kimlərin mülkiyyət haqqına sahib olması tarix boyu çox sayda savaşlara, üsyanlara, inqilablara, islahatlara rəvac verib. Yaşadığımız çağda informasiya və texnologiyaların önəmi qabarıq dərəcədə irəli çıxsa da, əkinçilik öz böyük əhəmiyyətini itirmiş deyil. Bir yanda elmi-texniki nailiyyətlərin və gen mühəndisliyi kimi yeni sahələrin, digər yanda aclıq və səfalət içində yaşayan milyonlarla insanın ərsəyə gətirdiyi mənzərə dünyamızda əkinçiliyin xüsusi önəmini daha aydın bir şəkildə qavramağımıza yardımçı olur. Günümüzdə kənd təsərrüfatı ölkə və dünya iqtisadiyyatının əhəmiyyətli bir hissəsinin təşkil edir. Odur ki, hər bir ölkə öz vətəndaşlarının qidalanmasını təmin etmək üçün vaxtaşırı sözügedən sektorun inkişafına xidmət edən islahatlar aparır, eyni zamanda, müxtəlif beynəlxalq platformalar kənd təsərrüfatının problemlərini çözmək üçün çeşidli layihələr hazırlayaraq həyata keçirir. Elə bu səbəbdən də Azərbaycan da daxil, heç bir ölkənin kənd təsərrüfatını dünya iqtisadiyyatının ümumi inkişaf tendensiyalarından ayrıca təsəvvür etmək mümkün deyil. Müstəqil inkişaf xəttini tutmuş bütün dövlətlər kimi, Azərbaycanda da kənd təsərrüfatının inkişafına yönəlmiş islahat proqramlarının məqsədi sadəcə əhalinin qida ehtiyaclarının maksimum təmin edilməsi deyil, həmçinin, iqtisadiyyatın digər sahələri üçün xammalın hazırlanması, ixracatın həyata keçirilməsidir. Çağdaş dünyadan tam fərqli sosial-iqtisadi modelə malik olan SSRİ-nin dağılmasından və milli müstəqilliyimizə qovuşmamızdan sonra Azərbaycanda kənd təsərrüfatının inkişaf təməllərinin atılması baxımından bir çox önəmli addımlar atılmasına baxmayaraq, təəssüflə qeyd etməliyik ki, bu sektorun istər infrostrukturunda, istər fermerlərin və işçi qüvvəsinin təhsil bazasında, istərsə də iqtisadiyyatın digər sahələri ilə inteqrasiyasında çoxsayda boşluqlar, həllini gözləyən problemlər nəzərə çarpır. 

Kənd təsərrüfatının inkişafına dəstək proqramları hər bir ölkənin ümumi iqtisadi, coğrafi və digər bu kimi şərtlərinə əsasən həyata keçirilir. Bu şərtlərdən asılı olaraq kənd təsərrüfatının inkişafına dəstək proqramları fərqli məqsədlərə xidmət edir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) bu məqsədləri belə sıralayır:

1) İstehsalçılara ədalətli və yetərli həyat şəraitinin yaradılması;

2) Kənd əhalisinin gəlirlərində dalğalanmaların qarşısının alınaraq sabit və davamlı qazanc imkanlarının formalaşdırılması;

3) Ölkə daxilində kənd təsərrüfatı məhsullarının qiymətlərinin sabitləşdirilməsi;

4) Xaricdən qaynaqlanan iqtisadi böhranların qarşısının alınması və fermerlərin bu cür risklərdən maksimum qorunması;

5) Regionlarda həyat standartlarının yüksəldilməsi ilə miqrasiyanın qarşısının alınması;

6) Bölgələr arasındakı disbalansın minimuma endirilməsi;