Kür çayında növbəti təmizlik aksiyası keçirildi


Digərləri 26 May 2018 18:40:00 320 0

Kür çayında növbəti təmizlik aksiyası keçirildi

May 25-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, dəniz ətraf mühiti üzrə ixtisaslaşmış dünya şöhrətli "Blue Marine Foundation" təşkilatı və Azərbaycan Gənclər Fondu tərəfindən Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, balıqların çoxalma miqrasiyası dövründə təşkil edilən aksiya Kür çayının Neftçala rayonu Bankə qəsəbəsi ərazisindən keçən hissəsində keçirilib.

Aksiyada 150 nəfərə yaxın könüllü, həmçinin yerli gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Sanitar normalara uyğun ləvazimatlar və xüsusi qayıqlarla təchiz olunmuş gənclər Kür çayı və onun sahillərini müxtəlif məişət tullantıları və balıqların kütləvi tələfinə səbəb olan sintetik balıqçılıq torlarından təmizləyiblər. Nəticədə 1 tona yaxın toplanmış tulantılar xüsusi nəqliyyat vasitəsi ilə Neftçala rayonunun Tullantılar Poliqonuna təhvil verilib. Aksiya zamanı, həmçinin yerli sakinlərə çayın tullantılarla çirkləndirilməsi və zərərli balıqçılıq alətlərindən istifadənin Xəzər dənizi və Kür çayının ətraf mühitinə, eləcə də faunasına zərərləri barədə məlumat verilib. Yekunda aksiya iştirakçılarına sertifikatlar təqdim olunub.

Aksiyanın keçirilməsində əsas məqsəd Kür sahillərinin çirkləndirilməsi və zibillənməsinin qarşısının alınması, bu ərazilərdə təmizliyə riayət olunması, xüsusilə atılan məişət tullantılarının Kür çayı və nəticə etibarilə, Xəzər faunasına vurduğu zərərlərlə bağlı ictimaiyyətin maarifləndirilməsidir.