Ədliyyə Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib


Digərləri 25 May 2018 23:55:00 282 0

Ədliyyə Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans keçirilib

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir" mövzusunda elmi-praktiki konfrans keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, hüquqşünas alimlərin, tarixçilərin, elm və tədris müəssisələrinin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə keçirilən konfransı ədliyyə nazirinin müavini Azər Cəfərov açaraq xalqımızın çoxəsrlik dövlətçilik tarixində Azərbaycan Xalq Cümhuriyyətinin rolundan və mühüm xidmətlərindən bəhs edib.

Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə bir çox tarixi qərarlar qəbul olunub, dövlət atributları müəyyən edilib, ana dili dövlət dili elan olunub, vətəndaşlara bərabər hüquqlar, o cümlədən qadınlara seçki hüququ verilib, hüquq sistemi yaradılaraq Ədliyyə Nazirliyi təsis edilib, məhkəmə və istintaq orqanlarının, prokurorluğun fəaliyyəti bərpa olunub. Azərbaycanın müstəqil dövlət kimi tanınması, digər dövlətlərlə əlaqələrin qurulması Cümhuriyyətin böyük uğurlarından biri olduğu qeyd edilib.

Tədbirdə müstəqilliyini yenidən bərpa edən xalqımızın ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyası ilə Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan dövlətini qurduğu, ulu öndərin müəyyən etdiyi dövlətçilik amallarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilərək ölkəmizin son illər əldə etdiyi nailiyyətlərlə çağdaş tariximizin yeni zəngin səhifələrinin yazıldığı xüsusi vurğulanıb.